ELM VƏ TƏHSİL
bp Azərbaycan dilində “Uşaqlar üçün yaşıl biliklər” kitabının təqdimatını keçirib
Bakı, 5 noyabr, AZƏRTAC
Bu gün bp şirkəti Azərbaycan dilində “Uşaqlar üçün yaşıl biliklər” adlı kitabın təqdimatını keçirib. Bu layihə bp-nin ölkədə davamlı inkişafa və təhsilin təkmilləşdirilməsinə dəstək öhdəliyinin bir hissəsidir.
AZƏRTAC xəbər verir ki, layihə məktəbəqədər, ibtidai və orta təhsil səviyyələrində uşaqları maarifləndirmək və onlarda xüsusi bacarıqlar inkişaf etdirməklə dayanıqlılıq mədəniyyəti aşılamaq məqsədi daşıyır.
Kitab ətraf mühitə əhəmiyyətli təsir göstərmək istəyən valideynlər, təhsil işçiləri, şagird və tələbələr üçün mühüm bir mənbə kimi nəzərdə tutulub.
“Uşaqlarda ətraf mühitə dair məlumatlılığı və bacarıqları inkişaf etdirməklə onları gələcək nəsillər üçün planetimizi qorumağa kömək edən, dayanıqlı seçimlər edə biləcək, məsuliyyətli vətəndaşlar kimi böyüdə bilərik. İqlim dəyişikliyinin və ekoloji problemlərin planetimizə təsiri artdıqca, uşaqları dayanıqlı həyat tərzi, ətraf mühitə qayğı ilə yanaşma haqqında maarifləndirmək olduqca vacibdir. Uşaqlara erkən yaşlardan yaşıl biliklər aşılamaqla biz onların dünyamıza müsbət təsir göstərə biləcək, ətraf mühitə həssas vətəndaşlar kimi formalaşmasına kömək edirik”, - tədbirdə çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Kitab yaşıl biliklərə aid əsas mövzuları, o cümlədən dayanıqlılığın əsasları, enerjiyə qənaət, su ehtiyatlarının idarə edilməsi, tullantıların azaldılması və təkrar emalı, dayanıqlı yaşayış tərzi, dayanıqlı inşaat və yaşıl iqtisadiyyat kimi mövzuları əhatə edir. Kitabın məzmunu uşaqlar üçün anlaşıqlı, sadə və maraqlı şəkildə təqdim olunur.
Doqquz fəsildən və nəticədən ibarət 168 səhifəlik kitab yaşıl biliklərin inkişaf etdirilməsi üçün hərtərəfli, həm də əlçatan yanaşma təmin edir. Kitabın hər bir fəslində uşaqların asanlıqla başa düşə biləcəyi dildə müvafiq yerli və beynəlxalq qanunvericilik aktları təqdim edilir. Kitabda, həmçinin uşaqların marağını cəlb etmək və onları fəal iştiraka həvəsləndirmək üçün şəkillər, interaktiv fəaliyyət və oyunlar, eləcə də ekoloji terminlərin izahlı lüğəti və digər faydalı məzmun var.
Kitab bp-nin yerli məktəblərə, kitabxanalara və müvafiq təhsil müəssisələrinə hədiyyəsidir. Layihənin ümumi dəyəri kitabın hazırlanması və nəşri ilə birlikdə təxminən 41 500 manat (24 400 dollar) təşkil edir. Layihə “GEM CSR Consulting” MMC tərəfindən həyata keçirilib. Kitabın müəllifi Liya Bayramovadır.