BP peşə bacarığı olan işçilər üçün davamlı iş imkanları yaradıb
Bakı, 16 fevral, AZƏRTAC
Bu gün BP öz “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOIL”, “NICO”, “MOL”, “Equinor”, “SGC”, “INPEX”, “ExxonMobil”, “ITOCHU”, “Total Energies”, “Eni”, “ONGCVidesh” - adından aztəminatlı ailələrdən seçilmiş 40 nəfər peşə bacarığı olan işçi üçün məşğulluq imkanlarını artıracaq bacarıqların inkişaf etdirilməsi layihəsini uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi keçmişdə peşə təhsili almaq imkanı olmamış və nəticədə davamlı karyera qurmaq üçün rəsmi diplomu olmayan peşə bacarığı olan işçilər üçün peşə təlimləri vermək idi.
Təlim proqramı iştirakçılara peşəkar biliklərini zənginləşdirməyə və eyni zamanda praktiki bacarıqlarını yeniləməyə yönəlmiş həm nəzəri, həm də praktiki məşğələlərdən ibarət olub.
Layihə iştirakçıları təlim proqramının əhatə etdiyi bərbər, tikişçi, qənnadçı-şirniyyatçı və plastik boru qaynaqçısı kimi dörd peşə növündən birinə yiyələniblər. Təlim başa çatdıqdan sonra iştirakçıların bacarıqları Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən qiymətləndirilib və bütün müvəffəqiyyətli iştirakçılar müvafiq peşə üzrə diplom alıblar.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib: “Layihənin qarşısında konkret hədəf var idi, və biz əldə olunmuş nəticələrdən çox məmnunuq. Layihə üçün seçdiyimiz insanların artıq xüsusi səriştə, bilik və ya bacarıq tələb edən peşələri var idi, lakin müəyyən səbəblərdən onların peşələrini təsdiq edən sertifikatları yox idi. Peşələrin əksəriyyətinə yiyələnməyin yalnız ixtisaslaşdırılmış təlimlə mümkün olduğunu nəzərə alaraq, aztəminatlı ailələrdən olan bir qrup insan üçün belə bir imkan yaratmaq qərarına gəldik. Çox məmnunuq ki, layihənin uğurlu iştirakçılarının indi artıq sertifikatlı peşə bacarığı olan işçilər kimi öz peşəkar karyeralarını inamla davam etdirmək imkanı var. Ümid edirik ki, hər bir icmada bu peşələrə tələbat yüksək olduğundan, bu layihə iştirakçılar üçün davamlı məşğulluq imkanları yaratmaqla nəticədə onların ailələri üçün də dayanıqlı faydalar gətirəcək”.
Layihənin müddəti yeddi ay təşkil edib (2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayınadək) və ümumi dəyəri təxminən 70 min 500 manat (41 min 470 ABŞ dolları) olub.
Layihə Gələcəyə Körpü Gənclər İctimai Birliyi tərəfindən yerinə yetirilib.