RƏSMİ XRONİKA
bp ŞİRKƏTİNİN PREZİDENTİ LORD CON BRAUNUN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Burada böyük tarixi bir anda çıxış etmək mənim üçün böyük şərəfdir. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başa çatdırılması tarixi əhəmiyyət daşıyır. İlk dəfədir ki, bu əsrdə Xəzər neftinin dünya bazarlarına çıxışını təmin edir. Eyni zamanda, Türkiyənin də Aralıq dənizi vasitəsilə xam neftin ixracatına qatılmasını təmin etdi. Mən burada oturan bütün həmkarlarıma öz minnətdarlığımı bildirmək istəyirəm. Burada Azərbaycan, Gürcüstan və Türkiyədən olan əməkdaşlarımı salamlayır və onların böyük zəhmətlərini yüksək qiymətləndirirəm. Eyni zamanda, həm hökumətlərin, yerli hakimiyyətlərin, həm də şirkət nümayəndələrini - Devid Vudvordu və digər həmkarlarımı salamlayıram. BTC layihəsi əsrin böyük bir layihəsidir. Uzunluğu 1774 kilometrdir və bu layihə 4 milyard dollarlıq sərmayənin qoyulması nəticəsində başa çatmışdır. Bu layihə çərçivəsində yerli hakimiyyətlərin köməyi ilə ətraf mühitin qorunmasına dair çox böyük layihələr də həyata keçirilibdir. Biz bugünkü rəsmi mərasimdə, demək olar ki, 12 illik işin nəticəsini dilə gətiririk. Gələcəkdə bu layihənin başqa bölgələrə çatmasının vacibliyini, “Şahdəniz”dən Gürcüstan vasitəsilə Türkiyəyə qaz ixrac edilməsini və Azərbaycanın qaz ixracatçısı olaraq dünya bazarına çıxmasını və bu bazarın Avropa və Asiya qaz bazarlarına qədər uzanmasını düşünürük. Biz bilirik ki, illər keçdikcə, enerji ehtiyatlarının dünya bazarlarına çatdırılmasında ehtiyat və təhlükəsizlik tədbirləri möhkəmləndirilməlidir. Biz bu layihələrə baxdıqda gördüyümüz işlərin bütün iştirakçılara həm sosial, həm də iqtisadi mənada böyük müsbət nəticələr verdiyini görürük. Əgər bizim təşəbbüsümüz bu qədər güclü olmasaydı, bu layihə heç bir zaman gerçəkləşə bilməzdi. Burada əlbəttə, ilk mərhələləri xatırlatmaq istəyirəm. Onda təhlükəsizliklə əlaqədar problemlər yaşanırdı. Biz bütün tərəflərin güclü siyasi dəstəyini görməsəydik, bu layihə çətin ki, müvəffəqiyyətlə nəticələnərdi.
Biz tarixə - həm keçmişə, həm də gələcəyə nəzər salanda görürük ki, bu layihə böyük addım sayılır. Çünki bir çox insanı bir yerə gətirdi və parlaq gələcəyə yol açdı. Çox sağ olun.
X X X
Sonra bp-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord çıxış etdi.