BP universitetə yeni daxil olmuş gənclərə dəstəyini davam etdirir
Bakı, 15 noyabr, AZƏRTAC
Noyabrın 15-də BP öz “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - SOCAR, TPAO, PETRONAS, MOL, “LUKoil”, “NİCO”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC”, “Itochu”, “ONGC Videsh Limited”, TOTAL, “Eni” - adından, ali təhsil müəssisələrinə yeni daxil olmuş 63 gəncin uğurunu qeyd etmək üçün tədbir keçirib. Onlar BP və tərəfdaşlarının beş ildir dəstəklədiyi “Gələcəyini Qur” layihəsi üçün aztəminatlı ailələrdən seçilmiş və bir il həmin proqramda hazırlıq keçmiş gənclərdir.
BP-dən AZƏRTAC-a bildirilib ki, Bu layihə BP və tərəfdaşlarının qonşu icmaların bacarıq və səriştələrinin artırılmasına və sosial inkişafına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihə çərçivəsində aztəminatlı ailələrdən seçilmiş 11-ci sinif şagirdlərindən ibarət böyük bir qrupa universitetə daxil olmaq üçün birillik geniş hazırlıq təlimləri keçilir. Bu günədək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax və Hacıqabul rayonlarındakı müxtəlif icmaları təmsil edən təxminən 400 aztəminatlı ailə bu layihədən faydalanıb.
Beş il ərzində layihədə ümumilikdə iştirak etmiş 389 nəfərdən təxminən 334-ü, iştirakçıların təxminən 90 faizi ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək müxtəlif universitet və kolleclərdə tələbə adını qazanıb. Builki mərhələnin 74 iştirakçısından 52-si universitetlərə və 11-i kolleclərə qəbul olunub, onlardan yeddisi (iki nəfər 600-dən çox bal toplamış iştirakçı da daxil olmaqla) 500-dən yuxarı bal toplayıb.
BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli öz çıxışında deyib: “Çox məmnunuq ki, beş ildir bu layihəyə dəstək veririk və layihənin ümumi uğurundan ruhlanaraq bu təşəbbüsü 2022-ci ildə də davam etdirmək qərarına gəlmişik. İnanırıq ki, bu layihə obyektlərimizin qonşuluğunda yaşayan icmaların gələcəyinə yaxşı sərmayədir. Bu, həm də öz icmalarının dayanıqlı gələcəyini təmin edəcək bilikli, yüksək təhsilli və bacarıqlı gənc nəslin yetişdirilməsi üçün gözəl bir imkandır”.
Layihənin beş mərhələsinin ümumi dəyəri təxminən 1,3 milyon AZN-dir və hər bir mərhələnin müddəti bir ildir.
Layihə “Build Your Future” MMC tərəfindən yerinə yetirilir.