Bu gün “Qarabağ” komandası səfərdə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşacaq
Bakı, 20 avqust, AZƏRTAC
Avqustun 20-də futbol üzrə UEFA Avropa Liqası yarışlarında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Ağdamın “Qarabağ” komandası növbəti oyununa çıxacaq. Komandamız səfərdə İsveçrənin “Yanq Boyz” klubunun qonağı olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşma Berndəki 32 min tamaşaçı yerlik “Stad de Syuiss” arenasında oynanılacaq.
Görüşü rusiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakim Vladislav Bezborodov, yan xətt hakimləri isə onun həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin olacaqlar. Oyunda dördüncü hakim funksiyasını isə Aleksey Yeskov yerinə yetirəcək. Matçın UEFA nümayəndəsi slovakiyalı Mixal Mertinyak, hakim-inspektoru isə Lassin İsaksen (Farer adaları) olacaqlar.
Cavab görüşü avqustun 27-də Bakıda keçiriləcək.
UEFA Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan “Qarabağ” klubu Monteneqronun “Rudar” komandasını yarışdan kənarlaşdırmışdı. Turnirin üçüncü təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandasına uduzan Azərbaycan çempionu qitənin nüfuzlu yarışının pley-off mərhələsinə yüksələ bilməmişdi. Beləliklə, Ağdamın "Qarabağ" komandası mübarizəni UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində davam etdirir.
“Yanq Boyz” komandası isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Fransanın “Monako” klubuna iki oyunun nəticəsinə görə məğlub olmuş və qitənin nüfuzlu yarışının pley-off mərhələsinə vəsiqə qazana bilməmişdi. Beləliklə, İsveçrə kollektivi mübarizəni Avroliqa yarışlarının pley-off mərhələsində davam etdirmək məcburiyyətində qalmışdı.