REGİONLAR
Bu günədək Ağdərədə 27 min hektardan çox ərazidə aqrokimyəvi tədqiqat işləri aparılıb
Bakı, 7 noyabr, AZƏRTAC
Ağdərə rayonunda bu günədək 70 min 291 hektar ərazidə çöl torpaq tədqiqatı, 37 min 34 hektar ərazidə çöl geobotaniki və 27 min 109 hektar ərazidə aqrokimyəvi tədqiqat işləri aparılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən elektron kadastr uçotu, eləcə də torpaqların bonitirovkası, iqtisadi qiymətləndirilməsi və s. kimi torpaq kadastrı, həmçinin yer quruluşu işləri davam etdirilir.
Məlumata əsasən, işğaldan azad olunmuş Ağdərə rayonunda aparılan yerquruluşu və torpaq kadastrı işləri çərçivəsində cari ildə 166 min 91 hektar ərazidə yerquruluşu işləri, 134 min 704 hektar çöl torpaq tədqiqatı və çöl geobotaniki tədqiqat işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu işlərin həyata keçirilməsi bölgənin malik olduğu torpaq ehtiyatlarının, həcminin məqsədli təyinatına uyğun tərkibinin müəyyən edilməsinə imkan verəcək.
Bu ilin avqust ayından indiyədək Ağdərə rayonu üzrə 153 min 516 hektar ərazidə çöl-ölçmə işləri aparılıb, hazırda işlər davam etdirilir. Dağıdılmış yaşayış məntəqələrinin, kənd təsərrüfatı, meşə və digər təyinatlı torpaqların, o cümlədən onların hüdudları daxilində yerləşən bütün komponentlərin koordinatları Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri zamanı müasir cihazlarla təyin olunur. Ərazidə GPS vasitəsilə çöl-ölçmə işlərini aparmaq üçün fasiləsiz fəaliyyət göstərən AzPOS stansiyalarına istinad edilir.
Torpaq kadastrı işləri çərçivəsində torpaq və geobotaniki tədqiqatlar aparılaraq torpaqların bonitrovkası işləri həyata keçirilir. Bu il ərzində Ağdərə rayonu üzrə ümumilikdə 134 min 704 hektar ərazidə torpaq, geobotaniki və aqrokimyəvi tədqiqatların aparılması nəzərdə tutulub.
Cari ilin əvvəlindən başlayaraq bu günə kimi 70 min 291 hektar ərazidə çöl torpaq tədqiqatı, 37 min 304 hektar ərazidə çöl geobotaniki və 27 min 109 hektar ərazidə aqrokimyəvi tədqiqat işləri aparılıb. Torpaq və bitki nümunələri götürülərək aqrokimyəvi analizlərin aparılması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinə verilib. Torpaq və geobotaniki tədqiqatların nəticələri torpaqların vahid elektron kadastrı uçotu informasiya sisteminə daxil edilir.
İşğaldan azad olunmuş ərazilərdə torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı aparılan elektron kadastr uçotu daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılmasına, torpaqlardan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına, torpaq ehtiyatlarının səmərəli idarə edilməsinə imkan verəcək.