Bu il 400 nəfər əlilliyi olan şəxsə “Rehabus” xidməti göstərilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin layihəsi çərçivəsində bu il əlilliyi olan 400 şəxsə “Rehabus” xidməti göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin xidmət çərçivəsində reabilitasiya avtobusları hər gün Agentliyin Bakı şəhərindəki 2 saylı Uşaq Reabilitasiya Mərkəzinə və Bakı Reabilitasiya Mərkəzinə ambulator şəkildə reabilitasiya kursuna cəlb olunmuş şəxsləri yaşadıqları ünvanlara yaxın ərazilərdən götürərək ödənişsiz şəkildə həmin mərkəzlərə çatdırır. Reabilitasiya proseduru bitdikdən sonra isə yenidən geri qaytarır.
Layihənin məqsədi Bakı və ətraf ərazilərdə yaşayan əlilliyi olan şəxslərin ambulator və icmaəsaslı reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq, müvafiq müəssisəyə asan, rahat şəkildə çatmasını təmin etməkdir.