Bu il "Uimbldon" turnirində müəyyən məhdudiyyətlər tətbiq olunacaq
Bakı, 19 mart, AZƏRTAC
Ötən il koronavirus pandemiyasına görə “Rolan Qarros” və "US Open" tennis turnirləri müəyyən məhdudiyyətlərlə keçirilsə də, “Uimbldon” rəhbərliyi risk etməmək qərarına gəlmişdi. İkinci Dünya müharibəsindən sonra tarixdə ilk dəfə olaraq Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Böyük dəbilqə” yarışı təşkil olunmamışdı. Amma bu il tennis həvəskarları “Uimbldon”a həsrət qalmayacaqlar. Pandemiya qaydalarına əsasən müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, “Böyük dəbilə” seriyalı turnirlərdən olan “Uimbldon” bu il müəyyən şərtlər daxilində keçiriləcək. Böyük Britaniya mətbuatının məlumatına görə, Londonda keçiriləcək nüfuzlu turnirdə iştirak etmək üçün tennisçilər müəyyən qaydalara əməl etməlidir. Avstraliya açıq tennis turnirindən fərqli olaraq, “Uimbldon”da iştirak edəcək raketka ustalarının 2 həftəlik karantində qalacaqları ilə bağlı hələ ki, qərar qəbul edilməyib. Amma tennisçilər şəxsi evlərdə yox, təşkilatçıların onlar üçün ayırdığı otellərdə məskunlaşmalıdır. Hər şey həmin ərəfədə Böyük Britaniyada epidemioloji vəziyyətdən asılı olacaq. Yayılan xəbərlərə görə, Birləşmiş Krallıq koronavirusa görə sərt karantin qaydaları tətbiq etməkdə maraqlı deyil. Ancaq buna baxmayaraq, “Uimbldon” turniri ənənəvi qaydada təşkil edilməyəcək. Yarış zamanı arenalara mümkün qədər az azarkeşin buraxılması planlaşdırılır. Bununla yanaşı, biletlər kassalarda satılmayacaq. Məhdud sayda biletləri almaq istəyən azarkeşlər qeydiyyata alınacaq və onlar püşkatma nəticəsində yarışları arenadan izləyə biləcəklər.
Xatırladaq ki, bu il “Uimbldon” turniri iyunun 28-dən iyulun 11-dək keçiriləcək. Ötən mövsüm koronavirus pandemiyasına görə turnir təşkil olunmamışdı.