Bu il Ağcabədidə 90 ailə şəxsi biznesini qurmaq üçün aktivlərlə təmin olunacaq
Ağcabədi, 10 mart, AZƏRTAC
Özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2017-ci ildə Ağcabədi rayonunda 15 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün 73 min 800 manat dəyərində zəruri mal və materiallar verilib. Bu il isə rayonda 90 ailə şəxsi biznesini qurmaq üçün aktivlərlə təmin olunacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ağcabədi Rayon Məşğulluq Mərkəzinin direktoru Məhərrəm İbişov məlumat verib. Onun sözlərinə görə, vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar. Həmin ailələrdən 12-si kənd təsərrüfatı (heyvandarlıq, istixana), 3-ü isə digər sahələr üzrə fəaliyyət göstərir.
Özünüməşğulluq proqramından yararlanaraq həyətyanı sahəsində istixana yaradan Hacıbədəlli kənd sakini Elxan Hüseynov deyib: “Xeyli vaxt idi istixana qurmaq, müxtəlif tərəvəzlər yetişdirib satışa çıxarmaq fikrində idim. Ancaq vəsaitim çatmadığı üçün bu istəyimi gerçəkləşdirə bilmirdim. Özünüməşğulluq proqramı ilə bağlı eşidəndə rayon məşğulluq mərkəzinə müraciət etdim və lаzımi kömək göstərildi. Təlim kurslarına cəlb olunaraq biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələndim. Qiymətləndirmədə üstünlük qazandım. Bundan sonra mənə istixana yaratmaq üçün lazım olan müxtəlif ölçüdə borular, sellofan örtük, su çəni və toxum verdilər. Beləcə, istixananı qurub tərəvəzçiliklə məşğul olmağa başladım”.
E.Hüseynov ötən il istixanada xiyar bitkisi becərib və qazanc əldə edib. Hazırda isə pomidor əkilməsi üçün hazırlıq işləri aparır. Məqsədi istixananı daha da inkişaf etdirməkdir.
Şənlik kənd sakini Kamran Qurbanova isə öz məşğulluğunu təmin еtmək üçün keçən ilin mart ayında yаnı bаlаlı 22 baş qoyun olmaqla 44 baş heyvan verilib. Qoyunların sayını 150 başa çatdırmağı hədəfləyən K.Qurbanov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.