SİYASƏT
Bu il Şuşa şəhəri azadlığının müasir intibahını yaşayacaq
![Bu il Şuşa şəhəri azadlığının müasir intibahını yaşayacaq](/files/2022/1/1200x630/16416287971116411829_1200x630.jpg)
Bakı, 8 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” festivalının, Vaqif Poeziya Günlərinin bərpası hər birimizdə xoş hisslər yaratdı. Zəfər günündən altı ay sonra Cıdır düzündən yüksələn muğam, musiqi sədaları bütün dünyaya yayıldı. Bu, kimin kim olduğunu, kimin hansı mədəniyyətə sahib olduğunu, Qarabağın əsl sahiblərinin kim olduğunu əyani surətdə nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib. O qeyd edib ki, Pənahəli xanın təxminən 270 il əvvəl təməlini qoyduğu Şuşada işğal dövrünə qədər həmişə azərbaycanlılar yaşayıblar, bu şəhərin bütün aurasına, daş-divarına başdan-başa Azərbaycan ruhu hopub: “Prezident İlham Əliyevin Şuşada “Xarıbülbül” festivalında xüsusi vurğuladığı “Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu” ifadəsində tarixi həqiqət özünü əks etdirir. Şuşaya dəfələrlə səfər edən Prezident İlham Əliyevin dediyi kimi, “Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur”. Hər dəfə Şuşaya gələndə adam buradan ayrılmaq istəmir. Xalqımız 30 il Qarabağ, Şuşa həsrəti ilə yaşayıb, amma bu gözəl diyara, bənzərsiz şəhərə qayıtmaq inamını heç vaxt itirməyib”.
YAP Yasamal rayon təşkilatının sədri diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin illər öncə sarsılmaz inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” fikirləri 23 il sonra reallığa çevrilib, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib: “Biz artıq Şuşadayıq, biz Laçına, Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Kəlbəcərə qovuşmuşuq. Üçrəngli bayrağımızın Qarabağda əzəmətlə dalğalandığı günü görmək, müqəddəs Qarabağ torpağını öpmək həqiqətən böyük xoşbəxtlikdir ki, bizə nəsib oldu. Heç şübhəmiz yoxdur ki, “Şuşa İli” çərçivəsində Şuşamızın və ümumi Qarabağımızın möhtəşəm şəkildə dəyişəcəyini görəcəyik. Bu torpaqlara yenidən həyat qaytarılacaq, dağıdılmış şəhərlərə ruh və can veriləcək. Biz canını gözəl Qarabağımızın düşmən tapdağından azad olunması naminə fəda edən qəhrəman Vətən övladlarına, sağlamlığını itirən qazilərə, rəşadətli Ordumuza, Azərbaycan əsgərinə borcluyuq. Xalq öz Prezidentinin, Ordu öz Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşdi və bu, Qələbəni şərtləndirən əsas amil oldu. Bu arzunu gerçəkliyə çevirən hər kəsin qarşısında baş əyirik. Həlak olmuş qəhrəmanların xatirəsi qəlbimizdə əbədi yaşayacaq”.