BU İLİN NOYABR AYINDA İSTEHLAK BAZARINDA QİYMƏTLƏR NECƏ OLMUŞDUR?
Ay ərzində istehlak bazarında unun qiyməti 1,1 faiz, təzə balığın qiyməti 2,3 faiz, təzə südün qiyməti 1,5 faiz, yumurtanın qiyməti 1,4 faiz, kartofun qiyməti 14,1 faiz artmışdır. Payız fəslinin gəlməsi ilə əlaqədar meyvə və tərəvəz qrupu məhsullarının qiymətlərində də dəyişikliklər olmuşdur. Belə ki, noyabr ayında alma 3,9 faiz, nar 2,9 faiz, heyva 9,0 faiz, balqabaq 8,6 faiz ucuzlaşmış, baş soğan 9,8 faiz, üzüm 9,8 faiz, təzə xiyar 16,8 faiz, təzə pomidor 42,1 faiz, badımcan 43,3 faiz bahalaşmışdır. Keçən ilin müvafiq ayı ilə müqayisədə ümumilikdə ərzaq məhsullarının qiymətlərinin 2,6 faiz bahalaşmasına baxmayaraq, bəzi məhsulların qiymətləri nisbətən ucuzlaşmışdır. Məsələn, keçən ilin noyabr ayında bişmiş kolbasanın qiyməti 11976 manatdan cari ilin noyabr ayında 11099 manata, dondurulmuş balığın 8277 manatdan 7259 manata, brınza pendirinin 9597 manatdan 9468 manata, almanın 2203 manatdan 1888 manata düşmüşdür.
Soyuqların düşməsi ilə əlaqədar isti geyimlərə tələbatın artması nəticəsində noyabrda kişi kostyumu 4,2 faiz, kişi gödəkcəsi 17,0 faiz, qadın çəkməsi 7,4 faiz, kişi çəkməsi 25,0 faiz bahalaşmışdır. Bundan başqa, tikinti materiallarından taxta-şalbanın qiyməti 12,9 faiz, sementin qiyməti 2,5 faiz artmışdır.