“BU MEYDAN, BU EKRAN-2008” KİNO LAYİHƏLƏRİ MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bu meydan, bu ekran-2008” kino layihələri müsabiqəsinə yekun vurulmuşdur.
Gənc nəsildə vətənpərvərlik ruhu aşılamaq, Qarabağ müharibəsi, eləcə də digər mövzularda yüksək bədii səviyyəli kinofilmlər çəkmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, kinoda rəqabət tendensiyalarını gücləndirmək məqsədi daşıyan müsabiqədə film istehsal edən dövlət və müstəqil studiyalar, şirkətlər iştirak etmişlər.
Münsiflər heyəti müsabiqəyə təqdim olunmuş 45 layihəyə baxdıqdan sonra yekdil rəyə gəlmişdir: “RTV” şirkətinin “İki” (prodüser Azər Məmmədov, rejissor Hacıbaba Həsənov), Azərbaycan Qocyu Ryu “Okinava Karate-Do və Kobudo” Növləri Federasiyası İctimai Birliyinin “Xəbər” (prodüser Tanrıverdi Allahverdiyev, rejissor Elməddin Alıyev), “NUR +” şirkətinin “Saat” (prodüser Vəfalı Qasımov, rejissor Türkan Hüseynova), “İMPER QRUP” Prodüser Mərkəzinin “Kor və korluq” (prodüser Rəşad Qasımov, rejissor Alina Abdullayeva), “Ratio TV” şirkətinin “Daş atan” (prodüser Əbdülnəsir Kutiyev, rejissor Elruz Fətiyev), “EXA Prodakşn” şirkətinin “Koramal” (prodüser Xəyyam Abdullayev, rejissorlar Xəyyam Abdullayev, Elməddin Alıyev), “İMPER QRUP” Prodüser Mərkəzinin “Qocalar” (prodüser Fariz Əhmədov, rejissor İsmayıl Məmmədov) layihələri qalib hesab olunmuşlar.
Müsabiqəyə təqdim olunmuş layihələr arasında Qarabağ müharibəsi mövzusuna aid yalnız iki layiqli iş olduğuna görə, münsiflər heyəti həmin nominasiya üzrə üçüncü qalibi müəyyən etməmişdir.
Müsabiqənin şərtlərinə uyğun olaraq qalib kino layihələri bu ilin sonuna qədər dövlət vəsaiti hesabına çəkiləcəkdir.