“CAMAL LTD” ŞİRKƏTİNİN “İCELAND” ƏMTƏƏ NİŞANLI DONDURMALARINI ALARKƏN DİQQƏTLİ OLUN!
Bakı, 18 iyun (AZƏRTAC). Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən “İceland” əmtəə nişanlı dondurmalar istehsal edən “Camal LTD” şirkətində hazır məhsullardan nümunə götürülərək laborator müayinəyə göndərilmişdi.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, müayinə nəticəsində “Bakılı qız” və “Oskar” şokoladlı, “Joker” vanilli plombir dondurmalarında yağın, saxarozanın və quru maddələrin kütlə payının normadan az, mezofil-aerob və fakültativ-anaerob mikroorqanizmlərin sayının normadan çox, “İceland” plombir dondurmasının və “Çiyələkli” ailəvi dondurmanın tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar (koliformlar), “Don Maximus” fındıqlı və çiyələkli plombir dondurmalarının tərkibində yağın kütlə payının etiket göstəricisindən az olduğu müəyyən edilmişdir.
Bununla əlaqədar olaraq keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərə və ya etiket göstəricilərinə uyğun gəlməyən 3,4 ton dondurmanın satışı qadağan olunmuş və məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən “Camal LTD” şirkətinə icrası məcburi göstəriş verilmişdir.
İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyi üçün müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara “Camal LTD” şirkətində istehsal edilən “İceland” əmtəə nişanlı dondurmaları almamağı tövsiyə edir.