CARİ İLİN BİRİNCİ YARISINDA AZƏRBAYCAN İQTİSADİYYATININ YÜKSƏK SÜRƏTLƏ İNKİŞAFI DAVAM ETMİŞDİR
Xəbər verildiyi kimi, avqustun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilmişdir. Ölkəmizin şəhər və rayonlarında təşkil olunan yığıncaq və müşavirələrdə ictimaiyyətin nümayəndələri iclasdan irəli gələn vəzifələri müzakirə edirlər. AZƏRTAC-ın müxbirlərinin həmin tədbirlərdən hazırladıqları materialları təqdim edirik.
XƏTAİ RAYONU
Yığıncaqda məruzə edən icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirmişdir ki, cari ilin birinci yarısında rayon üzrə istehlakçılara 276 milyon 10,6 min manatlıq sənaye məhsulu göndərilmiş, nəqliyyat müəssisələri tərəfindən 106 milyon 145,2 min manatlıq xidmət göstərilmişdir. Tikinti kompleksinə bütün maliyyə mənbələri hesabına 148 milyon 237,4 min manat sərmayə qoyulmuşdur. Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara faktik qiymətlərlə 5 milyon 953,2 min manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 2,2 dəfə çox xidmət göstərmişdir.
Təhsil, səhiyyə, mədəniyyət və sair sahələrdə görülən işlərdən də danışılmış, altı ayda rayonda 1604 yeni iş yerinin açıldığı, sosial müdafiəyə daha çox ehtiyacı olan 198 vətəndaşın işlə təmin olunduğu, 28 nəfərin peşə kurslarına cəlb edildiyi vurğulanmışdır.
NİZAMİ RAYONU
Yarımillik göstəricilərin təhlil olunduğu ümumrayon müşavirəsində icra hakimiyyətinin başçısı Mehbalı Əliyev demişdir ki, sənaye istehsalı ötən illə müqayisədə 49,5 faiz artmışdır. Bunun 35,7 faizi qeyri-dövlət sektorunun payına düşür. 1027 yeni iş yeri açılmış, iş axtaran 424 nəfər qeydiyyata götürülmüş və onlardan da 264-ü işlə təmin edilmişdir. İki məktəbin dam örtükləri və istilik sistemləri əsaslı təmir olunmuş, 272 nömrəli məktəbdə 700 şagird yerlik 35 əlavə sinif otağı olan yeni tədris korpusunun tikintisinə başlanmışdır.
Müşavirədə səhiyyə və mədəniyyət sahələrində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən geniş söhbət açılmışdır. Əhalinin fasiləsiz elektrik enerjisi, qaz və su ilə təminatı məsələləri müzakirə edilmişdir.
LERİK RAYONU
2008-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrin müzakirə edildiyi Şura iclasında iqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalının yüksəldiyi, adambaşına düşən pul gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 38,6 faiz artaraq 321,19 manata çatdığı bildirilmişdir.
İcra hakimiyyətinin başçısı Rövşən Bağırov hesabat məruzəsində cari ilin altı ayı ərzində rayonda kənd təsərrüfatı məhsulları istehsalının 5,6 faiz, sənaye məhsulu istehsalının 2,2 dəfə, rabitə xidmətinin 27,5 faiz, ticarət xidmətinin 25 faiz, təmir-tikinti işlərinin 5,2 faiz artdığını vurğulamışdır. Şəhər statusu almış Lerikdə 710 yeni iş yeri açılmışdır.
Hazırda şəhərdə geniş abadlıq və quruculuq işləri gedir, yeni yaşayış evləri və inzibati binalar tikilir, park və xiyabanlar, istirahət guşələri salınır.
GƏDƏBƏY RAYONU
Ümumrayon müşavirəsində bildirilmişdir ki, fermerlərə kömək üçün aqroservis müəssisəsi tərəfindən 2 traktor, müqavilə yolu ilə 191 tondan çox azot, 9 tondan çox superfosfat gübrələri alınmışdır. Turizm üçün böyük imkanları olan rayonda “Göyçə”, “Aşağı Narzan” və “Narzan” turizm və ailəvi istirahət mərkəzləri fəaliyyətə başlamışdır.
Müşavirədə əhalinin məşğulluğunun təminatı sahəsində görülən işlərdən də danışılmışdır. Bildirilmişdir ki, rayonda xüsusi əhəmiyyətə malik olan Gədəbəy qızıl mədənlərinin fəaliyyətə başlaması bu sahədə olan problemlərin həllinə xeyli təkan vermişdir. ABŞ-ın “RV İnvestment Qroup Servise LLC” şirkəti tərəfindən qızıl yataqlarında açılan iş yerlərində yüzlərlə yerli sakin daimi iş yeri tapmışdır. Ümumiyyətlə, ilin birinci yarısında rayonda 730 iş yeri açılmışdır.
Çıxışlarda təhsil, səhiyyə, rabitə və digər sahələrdə görülən işlərdən də bəhs edilmişdir.
QOBUSTAN RAYONU
İlin birinci yarısında sosial-iqtisadi sahədə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş məruzə edən icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev demişdir ki, rayon iqtisadiyyatının əsasını təşkil edən heyvandarlıq və bitkiçilikdə uğurlu nəticələr qazanılmışdır. Qaramalın sayı 1455 baş artaraq 29 min 500-ə, davarların sayı isə 9 min 980 baş artaraq 187 min 645-ə çatmışdır. Diri çəkidə 2306,9 ton ət, 6790 ton süd, 2,9 milyon ədəd yumurta, 326 ton yun, 55 min ton taxıl istehsal olunmuşdur.
Rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Qobustan şəhərində yeni su xətti çəkilmiş, su anbarlarında cari təmir işləri aparılmışdır. Şəhərdaxili yollarda 290,2 min manatlıq təmir işləri görülmüş, inzibati, məktəb binalarının, istirahət evinin, klub, kitabxana və həkim ambulatoriyasının tikintisi başa çatdırılmışdır.
Yığıncağda təhsil, mədəniyyət, səhiyyə, rabitə xidməti sahəsində, habelə əhalinin elektrik enerjisi və təbii qazla təminatının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən də danışılmışdır.
XAÇMAZ RAYONU
2008-ci ilin birinci yarısında rayonda 430-u daimi olmaqla, 506 iş yeri açılmışdır. Ümumi məhsul buraxılışı keçən ilin müvafiq dövrü ilə müqayisədə 29,4 faiz artaraq 77,5 milyon manata, sənaye məhsulu istehsalı 11,8 faiz artaraq 17,6 milyon manata, kənd təsərrüfatının ümumi məhsulu 6,2 faiz artaraq 20,7 milyon manata, adambaşına düşən pul gəlirləri 42,8 faiz artaraq 781 manata çatmışdır.
10 kəndə təbii qazın verilişi bərpa edilmiş, mavi yanacaqla təmin olunan kəndlərin sayı 30-a çatdırılmışdır.
22991 hektar sahədə payızlıq dənli bitkilər, o cümlədən 18064 hektarda buğda, 4227 hektarda arpa yetişdirilmişdir. Hər hektardan orta hesabla 20,6 sentner olmaqla, 47900 ton taxıl yığılmışdır. 2600 ton meyvə istehsal olunmuşdur. Təsərrüfatlarda qaramalın sayı 58493 başa, davarların sayı 123078 başa çatmışdır.
Təhsil, səhiyyə və mədəniyyət ocaqlarında təmir-bərpa işləri aparılmış, yeniləri tikilmiş, nəqliyyat, rabitə, və s. sahələrdə mühüm ciddi işlər görülmüşdür.
DAŞKƏSƏN RAYONU
Müşavirədə məruzə ilə çıxış edən icra hakimiyyətinin başçısı Tahir Kərimov demişdir ki, birinci yarım ildə rayonda ümumi daxili məhsul istehsalı 31,3 faiz artmışdır. O cümlədən sənayedə artım 99 faiz, kənd təsərrüfatında 10,9 faiz, tikintidə 25,8 faiz, rabitədə 19,9 faiz, nəqliyyatda 26,5 faiz olmuşdur. İrimiqyaslı tikinti, abadlıq və yenidənqurma işləri görülmüşdür.
Bildirilmişdir ki, Aşağı Daşkəsən qəsəbəsində orta məktəb binasının tikintisinə, kənd məktəblərinin cari, uşaq bağçalarının, uşaq gənclər idman məktəbinin əsaslı təmirinə başlanılmışdır. Daşkəsən rayon mərkəzi xəstəxanası üçün yeni binanın tikintisi davam etdirilir. 95-dən artıq yaşayış binasının dam örtüyü və fasadı təmir olunmuşdur. Bayan kəndində 128 nömrə tutumu olan elektron ATS quraşdırılaraq istifadəyə verilmişdir. Quşçu kəndində 140 abonentə telefon çəkilmişdir. Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının tikintisinə başlanılmışdır.
Həyata keçirilən tədbirlər nəticəsində ilin altı ayında 300-dən çox iş yeri açılmışdır.
FÜZULİ RAYONU
İcra hakimiyyətinin başçısı Nəbi Muxtarovun hesabat məruzəsində məlumat verilmişdir ki, Zobucuq ərazisində 5 qəsəbə istifadəyə verilmiş, burada 10 minə yaxın insan rahat mənzillərdə məskunlaşmışdır. Mühüm ərzaq məhsulu olan taxılçılıq inkişaf etdirilmiş, 30 min hektardan 85 min tondan çox məhsul götürülmüşdür. Əhalinin həyat şəraiti, tibbi xidmətin səviyyəsi yaxşılaşdırılmışdır. Horadiz şəhər xəstəxanası yenidən qurulmuş, mərkəzi xəstəxanada bərpa işləri aparılmışdır. Ayrı-ayrı tibb müəssisələri, rayon ərazisində fəaliyyət göstərən 45 məktəb müasir tələblər səviyyəsində bərpa olunmuşdur. Rayona qaz xətti çəkilişinə başlanılmış, əhalinin elektrik enerjisi ilə təchizatı diqqət mərkəzində saxlanılmışdır. Altı ay ərzində 49,5 kilometr yolda təmir işləri aparılmışdır. 130 yeni iş yeri açılmışdır.
KƏLBƏCƏR RAYONU
Müxtəlif bölgələrdə məcburi köçkün həyatı yaşayan rayon sakinlərinin işıq, qaz, su təchizatı və digər problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür. Kəndlərdə yaşayan kəlbəcərlilər üçün 2 artezian quyusu qazılaraq istifadəyə verilmiş, 12 məcburi köçkünün mənzili təmir edilmişdir. 100-dən çox ailənin mənzilinə qaz xətti çəkilmiş, 4 yaşayış məntəqəsində yeni elektrik transformatoru quraşdırılmışdır. 5 ümumtəhsil məktəbi təmir olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı Vidadi Məhərrəmov müşavirədə demişdir ki, şəxsi təsərrüfatlarda keçən ilin müvafıq dövrünə nisbətən ət istehsalı 69 faiz, süd istehsalı 42 faiz, yun istehsalı isə 22 faiz artmışdır. Taxıl sahələrindən isə 799 sentner buğda, 168 sentner arpa yığılmışdır.
Müşavirədə qeyd edilmişdir ki, məcburi köçkün ailələrinə ünvanlı sosial yardım verilmiş, təhsil və səhiyyə sahələri də diqqət mərkəzində saxlanılmışdır. Bu il orta məktəbləri bitirən məzunlardan 203 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Mərkəzi rayon xəstəxanasının maddi-texniki bazası xeyli gücləndirilmiş, yeni inzibati və bir neçə yardımçı bina tikilmişdir.