“Caspian Energy Club” üzvləri ilin yekun “CEO Breakfast”nı keçirib
Bakı, 28 dekabr, AZƏRTAC
“Caspian Energy Club” üzvləri ilin yekun “CEO Breakfast”nı keçirib.
“Club”dan AZƏRTAC-a bildirilib ki, ilin yekun “CEO Breakfast”nın fəxri qonağı Milli Məclisin deputatı Rüfət Quliyev olub. Öz çıxışı zamanı o, bu platformanın vacibliyini və biznesin, xüsusən də kiçik və orta biznesin inkişafı üçün geniş “networking” imkanları yaratdığını deyib.
Tədbirin unikallığı ondan ibarətdir ki, kiçik və orta biznes nümayəndələri iri holdinq, transmilli və dövlət şirkətlərin nümayəndələri ilə bir platformada görüşüb ünsiyyət qura bilirlər. Bu “networking” imkanı kiçik və orta biznesin inkişafını stimullaşdırır, həmçinin Azərbaycan iqtisadiyyatının inkişafına yol açır.
Artıq xoş ənənə halını almış “CEO Breakfast”, “Club” üzvlərinin əvəzolunmaz “networking” platformasına çevrilib.
Cari ilin iyul ayından bu günə kimi 21 “CEO Breakfast” keçirilib. Bunlardan bəziləri Azərbaycanın müxtəlif regionlarında keçirilib, ayda bir dəfə isə “Caspian Energy Club”un xarici ölkələrdə olan üzvləri bu ünsiyyətə qatılır.
Sahibkarların pandemiya dövründə “networking” və potensial partnyorlar ilə əyani görüş imkanları məhdud idi. “CEO Breakfast” platforması postpandemiya dövründə ünsiyyətin canlanmasında mühüm rol oynayıb. Hər tədbirdə 50-yə yaxın müxtəlif sahələri təmsil edən şirkət iştirak edir və onların hər biri öz satışlarını, məhsul və brend tanıtımlarını rahatlıqla həyata keçirir. Bu haqda “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev deyib.
“CEO Breakfast”ın iştirakçıları arasında şirkət rəhbərləri və şirkətlərin marketinq və satış menecerləri olub. Bu onlar arasında münasibət yaratmaq, öz xidmət və məhsullarını təqdim etmək, eləcə də xidmət və məhsullarını “Club”dan kənar şirkətlərə tanıtmaq üçün əlverişli şərait yaradır.
Sıralarında 50 ölkədən 5 mindən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.