“Caspian European Club” IV “CEO Lunch Baku” təşkil edib
Bakı, 15 may, AZƏRTAC
“Caspian European Club” mayın 15-də IV “CEO Lunch Baku” təşkil edib.
Klubdan AZƏRTAC-a bildirilib ki, “СЕО Lunch Baku”da fəxri qonaq qismində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak edib. Səfir vurğulayıb ki, yüksək səviyyədə təşkil olunmuş tədbirin qonağı olmaq onun üçün böyük şərəfdir.
O, bu gün müasir texnologiya və innovasiyaların sürətli inkişafı dövründə özəl sektorun fəal inkişafının və sahibkarların əməkdaşlığının da mühüm yer tutduğunu qeyd edərək, Azərbaycanda Türkiyə arasında ikitərəfli əlaqələr mövzusuna toxunub.
“Əməkdaşlığımız nə qədər sıx olsa, bir o qədər çox bir-birimizə dəstək verəcəyik, Azərbaycan və Türkiyə bir o qədər çox birgə uğurlara nail olacaq. Bu gün çox yüksək nailiyyətlər əldə etsək də, bir-birimizdən daha çox şey öyrənə bilərik”, - deyə E.Özoral bildirib.
Səfir qeyd edib ki, bu istiqamətdə atılan addımlar sürətləndirilməli və bundan sonra digər ölkələrdə də əməkdaşlığın inkişafı istiqamətində işlər görülməlidir.
“Diqqətə çatdırmaq istərdim ki, biz artıq İran, Gürcüstan, Türkmənistan və Pakistan ilə birgə güclü əməkdaşlıq mexanizmi qurmuşuq. Növbəti ümumi məqsədimiz Özbəkistanla münasibətləri nizamlamaqdır. Yaxın gələcəkdə yüksək səviyyədə görüşlərin keçirilməsi planlaşdırılır”, - deyə o qeyd edib.
Təhsil sahəsinə toxunan səfir bildirib ki, Türkiyədə təhsil almış azərbaycanlıların sayı bu gün 125 mindən çoxdur. Hazırda Türkiyədə 15 min azərbaycanlı təhsil alır: “Türkiyə ilə Azərbaycan arasında bizi bir-birimizlə yaxınlaşdıran mədəniyyətimiz və keçmişimiz var, biz eyni dildə danışırıq. Artıq doğulan andan bir-birimizə partnyor kimi baxırıq, indi isə daha yaxın və daha güclü olmalıyıq”.
“Caspian European Club”un fəxri üzvü sertifikatını Erkan Özorala təqdim edən Telman Əliyev “СЕО Lunch Baku”da fəal iştirakına, həmçinin tədbir zamanı “Caspian European Club”un üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə səfirə minnətdarlığını bildirib. O qeyd edib ki, “CEO Lunch Baku” çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab alıb, bu sahədə əməkdaşlığın yollarını müzakirə ediblər.
T.Əliyev tədbirdə iştirak edən bütün qonaqları iyunun 14-də Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq VI Beynəlxalq “Caspian Energy Forum Nakhchivan - 2018”ə dəvət edib. “Caspian Energy Forum Nakhchivan - 2018” Naxçıvanın 2018-ci il İslam mədəniyyətinin paytaxtı elan edilməsinə həsr olunub.
O qeyd edib ki, forumda Naxçıvan Muxtar Respublikasının iqtisadi blokunu təmsil edən hökumət üzvləri, həmçinin muxtar respublikada fəaliyyət göstərən şirkət nümayəndələri və “Caspian European Club”un idarə heyətinin üzvləri iştirak edəcək.
T.Əliyev xatırladıb ki, “Caspian European Club” artıq uzun illərdir ki, Azərbaycan Respublikasının Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycanın iqtisadi regionlarının illik investisiya reytinqini keçirir: “Məlum olduğu kimi, 2017-ci ilin nəticələrinə görə Azərbaycanın regionlarının investisiya reytinqinin lideri ən yüksək bal toplamış Naxçıvan Muxtar Respublikası seçilib”.
Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb. 2016-cı il dekabrın 24-də “Caspian American Club”, 2018-ci il yanvarın 26-da “Caspian Asian Club” təsis olunub. Onların hər ikisi iki il ərzində “Caspian European Club”un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaqlar. “Caspian European Club”a daxil olan bütün şirkətlər avtomatik qaydada “Caspian American Club” və “Caspian Asian Club”un, “Caspian American Club” və “Caspian Asian Club”a daxil olanlar isə “Caspian European Club”un üzvü hesab olunurlar.
“CEO Lunch Baku”da 100-ə yaxın şirkət və təşkilat iştirak edib.