CƏMİYYƏT
CBC TV-nin filmi Londonda mükafata layiq görülüb
Bakı, 28 noyabr, AZƏRTAC
CBC telekanalının “İrəvanın gizlədilmiş irsi” sənədli filmi Londonda keçirilən “UK Film Awards” kinofestivalında fəxri qeyd edilməyə layiq görülüb.
AZƏRTAC xəbər verir ki, “UK Film Awards” dünyanın hər yerindən həm qısa, həm də tammetrajlı müstəqil filmləri və bütün janrlarda sənədli filmləri nümayiş etdirən beynəlxalq festivaldır. Bu il kinorejissorlar, aktyorlar və çəkiliş heyəti üçün 40 mükafat nəzərdə tutulub.
Bu, CBC telekanalının sözügedən sənədli filminə verilən ilk mükafat deyil. “İrəvanın gizlədilmiş irsi” filmi, həmçinin Los-Ancelesdə keçirilən “IndieX Film Fest” beynəlxalq qısametrajlı film festivalında ən yaxşı qısametrajlı sənədli film və ən yaxşı redaktə nominasiyaları üzrə mükafatlara layiq görülüb. Belə ki, bu yaradıcılıq məhsulu ABŞ-dan, Meksikadan və Hindistandan olan digər namizəd filmləri üstələyib.
“Ən yaxşı qısametrajlı sənədli film” nominasiyasında filmin baş prodüseri, CBC telekanalının baş direktoru Vüqar Xəlilov fərqlənib. “Ən yaxşı redaktə” nominasiyası üzrə mükafat isə CBC telekanalının baş redaktoru Elnarə Məmmədovaya verilib.
Nüfuzlu beynəlxalq kinofestivallarda geniş diqqətə layiq görülən “İrəvanın gizlədilmiş irsi” sənədli filmi Ermənistanın paytaxtında Azərbaycan mədəni irsinin sistematik şəkildə məhv edilməsinin qorxulu mənzərəsini nümayiş etdirir.
Filmin böyük festivallarda beynəlxalq səviyyədə tanınması münaqişə zonalarında mədəni irsin qorunmasının zəruriliyini qlobal səviyyəyə qaldırıb. Mədəni irsin məhv edilməsi tarixi abidələrin və mədəni müxtəlifliyin qorunmasına dair beynəlxalq konvensiyaların pozulmasıdır.
“İrəvanın gizli irsi” təkcə yoxa çıxmaqda olan irsi sənədləşdirmir. Film həm də tarixi yaddaşın qorunması, mədəniyyətlərarası dialoq və məhv olma təhlükəsi ilə üzləşən mədəni irsin qorunması üçün beynəlxalq müdaxilənin zəruriliyi kimi fundamental məsələləri qaldırır.