Cəbrayıldan başlanan Böyük Qayıdış
Bakı, 6 oktyabr, AZƏRTAC
Bir ildən artıqdır ki, Azərbaycan xalqı, eləcə də, dünya azərbaycanlıları Ermənistan üzərindəki tarixi qələbəmizin sevinci ilə yaşayır. Dünyanın super gücə malik dövlətlərinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilatların 30 il ərzində nizamlaya bilmədikləri münaqişəni Azərbaycan 44 gün ərzində həll etdi. Bütün bunlar bir daha ondan xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticə verməyib. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilib və digər beynəlxalq təşkilatların da bu istiqamətdə qəbul etdikləri qətnamələr icra olunmayıb.
Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirib və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Mötəbər beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası da işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, hər dəfə tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov bildirib.
Partiya sədri deyib ki, dövlətimizin başçısı bu məsələlərin dünyada baş alıb gedən ikili standartların, islamofobiyanın, ayrı-seçkiliyin nəticəsinin olması barədə ən ali tribunalardan da bildirmişdi. Lakin dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə laqeyd münasibətindən əl çəkmirdi. 200 ildən çox davam edən erməni düşmənçilik siyasəti zaman-zaman dünya birliyinin gözü qarşısında baş verib. Bu müddət ərzində Ermənilərin xalqımıza qarşı dəhşətli soyqırımları törədib. Hələ vaxtı ilə Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək, erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edilmişdir.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.
SSRİ-nin süqutundan sonra Ermənistan xarici havadarlarının və Azərbaycanın müstəqilliyini gözü götürməyən antiazərbaycan qüvvələrin himayəsi ilə işğalçılıq siyasətini davam etdirtmiş və ərazimizin 20 faizini zəbt etmişdir. Bundan əlavə, bir milyondan artıq soydaşımızı öz ata-baba yurdlarından zorla qovaraq onları məcburi köçkün vəziyyətinə salmışdır. Təbii ki, Azərbaycan bu işğalla barışa bilməzdi və ərazi bütövlüyümüzün təmin olunması yolunda bütün imkanlarından istifadə etməli idi.
2020-ci il sentyabrın 27-də Ermənistanın başladığı müharibə onlara baha başa gəldi. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın etdi və həmin il noyabrın 10-da işğalçı ölkə rəsmən təslim olduğunu təsdiqlədi.
K.Seyidov deyib ki, düşmən işğal altında saxladığı ərazilərdə misli görünməmiş vəhşiliklər, dağıntılar törədib. Bir ildən artıqdır ki, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlər edir, yenidənqurma və bərpa işlərinin aparılması üçün öz tapşırıqlarını verirlər. Növbəti səfər Tərtər rayonunun işğaldan azad edilmiş kəndlərinə, Bərdə və Cəbrayıl rayonuna oldu. Dövlət başçımız Cəbrayıl rayonunda mühüm əhəmiyyətli obyektlərin, yaşayış binalarının əsasını qoymaqla “Böyük Qayıdış” reallaşdırdı. “Böyük Qayıdış” Cəbrayıldan başlandı.
Prezident İlham Əliyev Cəbrayıl rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı 4 oktyabrın tariximizdə əbədi qalacağını bildirdi. Çünki məhz ötən il həmin gün Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Ötən il Ermənistanın başladığı müharibənin birinci həftəsində Cəbrayıl şəhəri, rayon mərkəzi azad edilmişdi. Bu, bizim Ordumuza əlavə güc, inam verdi. Bu Qələbədən sonra şanlı ordumuz öz tarixi missiyasını digər yerlərdə də uğurla icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə rayonun iki kəndi işğalçılardan azad edilmişdir - Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Noyabrın 10-da isə düşmən qəhrəman ordumuz qarşısında davam gətirə bilmədiyini görüb təslim oldu.
Artıq soydaşlarımızın doğma ata-baba yurdlarına qayıtmasına - Böyük Qayıdışa hazırlıq işləri sürətlə davam edir. Ermənistan Ordusunun 30 il ərzində yerlə-yeksan etdiyi ərazilər yaxın illərdə cənnətə çevriləcək.