Cəlilabadda Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək şagirdlərlə görüş keçirilib
Cəlilabad, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon İcra Hakimiyyətində Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək şagirdlər Cəfər Əliyev və Lalə İmanzadə ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəfər Əliyev Zəfər Gününə həsr olunmuş “Zəfər dastanı” onlayn şeir və mahnı nominasiyasında 15-20 yaş qrupu üzrə birinci yerə, Lalə İmanzadə isə ümummilli lider Heydər Əliyev haqqında “Ən yaxşı təqdimat” müsabiqəsində qalib gəlib. Lalə, həmçinin biologiya fənni üzrə Respublika olimpiadasında birinci yerə layiq görülüb.
Görüşdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ölkəmizin inkişafında gənclərin rolunu yüksək dəyərləndirərək ümummilli lider Heydər Əliyevin gənclərin yüksək təhsil almasına, müxtəlif məsul vəzifələrə irəli çəkilməsinə həmişə diqqət yetirdiyini, onların problemlərinin həllinə həssaslıqla yanaşdığını bildirib.
R.Cəlilov Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu ənənəyə sadiq qalaraq vaxtaşırı gənclərlə görüşdüklərini, gənclərin problemləri ilə daha yaxından tanış olaraq, onların həlli istiqamətində mühüm işlər gördüklərini diqqətə çatdırıb, şagirdlərə yeni-yeni uğurlar arzulayıb.