Cəlilabadda əhali arasında maarifləndirmə və tibbi profilaktiki tədbirlər gücləndirilib
Cəlilabad, 9 dekabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad rayonunda sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar əhali arasında maarifləndirmə və tibbi profilaktiki tədbirlər gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, koronavirus pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə aksiya keçirilib.
Aksiya çərçivəsində rayonda əhalinin sıx olduğu məkanlarda, marketlərdə, xidmət obyektlərində tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb, koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha effektli nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi sakinlərin diqqətinə çatdırılıb.
Həmçinin COVID-19 pandemiyası dövründə əhalinin sağlamlığının qorunması məqsədilə idarə əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar, tibbi əlcəklər və koronavirusdan qorunmaq üçün məlumat kitabçaları paylanılıb.