Cəlilabadda tanınmış idmançı Zəhra Salmanlı ilə görüş keçirilib
Cəlilabad, 17 noyabr, Bağır Əliyev, AZƏRTAC
Gənclər və İdman, Təhsil nazirliklərinin, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə həyata keçirdiyi “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Cəlilabad rayonunun Muğan kənd tam orta məktəbində karate üzrə dünya birinciliyinin çempionu, “Master Cup” Beynəlxalq turnirinin və Açıq Avropa Oyunlarının qalibi Zəhra Salmanlı ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Görüşdə çıxış edən Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov layihənin məqsəd və vəzifələri, tanınmış idmançı Salmanlı Zəhra Mirhəbib qızının idman sahəsində qazandığı nailiyyətlər haqqında məlumat verib.
Təhsil Şöbəsinin metodisti Sərxoş Mirzəyev çıxışında rayon məktəblilərinin son dövrdəki idman nailiyyətləri haqqında danışıb.
"Sözün işığı" qəzetinin baş redaktoru Ədalət Salman tanınmış idmançılarla kəndlərdə bu cür görüşlərin keçirilməsini yüksək dəyərləndirərək, belə tədbirlərin yeniyetmə və gənclərin təlim-tərbiyəsində, idmanın kütləviliyinə nail olmasında önəmli rol oynadığını bildirib.
Görüşdə çıxış edən Zəhra Salmanlı idmanda qazandığı uğurlardan danışıb, ona ünvanlanmış sualları cavablandırıb.