Cəlilabadda Zəfər yürüşü və ağacəkmə aksiyası keçirilib
Cəlilabad, 8 noyabr, Bağır Əliyev, AZƏRTAC
Noyabrın 8-də Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Gününə həsr olunmuş yürüş Cəlilabad şəhərinin Heydər Əliyev adına parkından başlayıb və Şəhidlər xiyabanında başa çatıb.
Yürüş iştirakçıları Şəhidlər xiyabanında ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərinin xatirəsini ehtiramla anıblar.
Zəfər yürüşü Ulu Öndərin adını daşıyan seyrəngahda musiqili mərasimlə davam edib.
Mərasimdən sonra Zəfər Günü münasibətilə Cəlilabad şəhərində ağacəkmə aksiyası keçirilib.