Cənub bölgəsində "Birlikdə bacara bilərik - Qadınlar STEM-də" layihəsi üçün qeydiyyata başlanılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahələrində öz bilik və bacarıqlarını artırmaq istəyən, Azərbaycanın cənub bölgəsində (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Biləsuvar) yaşayan 15-30 yaşlı xanımlar üçün "Birlikdə bacara bilərik - Qadınlar STEM-də" layihəsinə qeydiyyata start verilib.
AZƏRTAC xəbər verir ki, “SmartNation” platforması tərəfindən həyata keçirilən bu layihə Rumıniya səfirliyinin maliyyə dəstəyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) təşkilati dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi STEM üzrə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən və karyerasını bu sahədə qurmağı planlayan 15-30 yaşlı gənc xanımlara dəstək olmaqdır.
Layihə çərçivəsində baş tutacaq təlimlər STEM sahələrində kifayət qədər təcrübəsi olan və cəmiyyətdə bir çoxları tərəfindən tanınmış peşəkar mütəxəssislər tərəfindən aparılacaq.
Üç ay davam edəcək layihə müddətində iştirakçılara STEM ilə yanaşı, həmçinin gələcəyin peşə və bacarıqları ilə əlaqəli sahələrdə təlimlər keçiriləcək.