CƏNUB REGİONAL FUTBOL FEDERASİYASI “2009-CU İLİN ƏN YAXŞILARI”NI MÜƏYYƏN ETMİŞDİR
Lənkəran, 21 dekabr (AZƏRTAC). Cənub Regional Futbol Federasiyası 2009-cu ildə ölkə futbolunun inkişafına göstərdiyi xidmətlərə görə regionu təmsil edən komandalar və onların üzvləri arasında “İlin ən yaxşıları”nı müəyyən etmişdir.
Lənkəran rayonunun “Xəzər-Lənkəran” futbol klubunun qapıçısı Kamram Ağayev, Salyan rayonunun “Muğan” futbol klubunun təmsilçisi Vüsal Əliyev və Nefçala rayonunun “Anşad-Petrol” komandasının üzvü Mürvət Fəxrəddinov “İlin ən peşəkar futbolçusu” adına layiq görülmüşlər.
“İlin ən yaxşıları” siyahısına çimərlik futbolu üzrə “Cənub kobuku-2009” yarışlarının və Azərbaycan kuboku yarışlarının yarımfinalçısı, Astara rayonunun “Astara”, “Dadone” kubokunun finalçısı və “Cənub mirvarisi-2009” futbol çempionatının qalibi, Lənkəranın “Xəzər-92”, 17 yaşlılar arasında Azərbaycan kobukunun finalçısı, Salyanın “Muğan” və 13 yaşlılar arasında çempionatın birinci dövrəsinin qalibi, Masallı rayonunun “Masallı” futbol komandalarının, Lənkəran və Masallı bələdiyyələrinin, Cəlilabad, Lənkəran və Neftçala uşaq-gənclər idman məktəblərinin adları daxil edilmişdir.
Vidadi Salmanov (Cəlilabad), İqbal Babayev(Lənkəran), Mövsüm Yağıyev və Seyran Babayev (Masallı), Elçin Əsgərov (Cəlilabad) ilin ən yaxşı uşaq futbol məşqçiləri elan olunmuşlar.
“Ən yaxşılar”ın sırasında, həmçinin, cənub regionunda futbolun inkişafında fərqlənən şəxslərin, futbol xəbərlərini işıqlandıran KİV-lərin, uşaq futbolunun inkişafına dəstək verən təşkilatların, yeniyetmə futbolçuların və hakimlərin də adları vardır.