“CƏNUB TV” VERİLİŞLƏRİNİ YENİ BİNADAN YAYIMLAYACAQ
AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də Lənkəranda “Cənub TV” televiziya kanalının yeni binası istifadəyə verilmişdir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Respublikamızın regional televiziyalarından olan “Cənub TV”-nin yeni binası dördmərtəbəlidir. Birinci mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə yaradılmışdır. Binada konfrans salonu, montaj, arxiv, iş, qrim otaqları, səsyazma studiyası yerləşir. Əsas studiyanın sahəsi 700 kvadratmetrdən çoxdur. 7 ədəd studiya kamerası qoyulmuş, səsboğucu qurğular quraşdırılmışdır. Buradan əsas informasiya proqramı yayımlanacaqdır. Bu studiyada istənilən geniş auditoriyalı verilişlər hazırlamaq mümkündür. Binanın dördüncü mərtəbəsində rejissor idarəetmə mərkəzi yerləşir.
“Cənub TV”-dəki bütün texniki avadanlıq ABŞ-dan gətirilmişdir. Gələcəkdə səyyar televiziya stansiyası da alınacaqdır. Fasiləsiz elektrik enerjisi ilə təchiz olunan binada yanğından mühafizə, istilik və havalandırma sistemləri də quraşdırılmışdır.
“Cənub TV”-də 50-dən çox yaradıcı və texniki işçi çalışır. Ötən ilin sonunda - Dünya azərbaycanlılarının həmrəyliyi günü fəaliyyətə başlamış kanalın bölgədə 700 mindən çox tamaşaçı auditoriyası vardır. Regional televiziya hazırda müxtəlif mövzularda 26 veriliş yayımlayır.
Prezident İlham Əliyev “Cənub-TV”-nin studiyaları, iş şəraiti ilə tanış oldu, kollektivə uğurlar arzuladı.
######
![]() |
![]() |

