ELM VƏ TƏHSİL
“Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” - elmi konfrans
Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 6-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Cənubi Qafqazda dövlətlərarası münasibətlərdə şəxsiyyət amili: tarixdən günümüzə” mövzusunda respublika elmi konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransda Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən dosent Ramilə Dadaşova Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil və müasir Azərbaycan dövlətinin öz tarixinin ən parlaq dövrünü yaşadığını vurğulayıb. O, Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yarandığını diqqətə çatdırıb. Dosent R.Dadaşova alimlərin də öz elmi nəticələri ilə Azərbaycanın inkişafına töhfə verməli olduğunu söyləyib.
Sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Respublika elmi konfransında dosent R.Dadaşovanın “Dövlətlərarası münasibətlərdə prezidentlər arasında şəxsi dostluğun əhəmiyyəti Heydər Əliyev və Süleyman Dəmirəl dostluğu nümunəsində” adlı məruzəsi dinlənilib.
Konfransda AMEA-nın bir sıra institutlarından, ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrindən və elmi qurumlardan, habelə Türkiyə və Çindən olan 4 elmi tədqiqatçı daxil olmaqla, 73 alim və tədqiqatçı məruzə edib.
Məruzələrdə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətlərarası münasibətlərdə və Cənubi Qafqazda sabitliyin yaradılmasında rolu və şəxsiyyət amili, eləcə də Azərbaycanın digər tarixi şəxsiyyətlərinin fəaliyyəti diqqətə çatdırılıb.