İQTİSADİYYAT
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər təşkil olunub






Bakı, 11 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Su Ehtiyatları Agentliyinin təşkil etdiyi “Azərbaycanın su təsərrüfatı sektorunun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda elmi-praktik konfransın iştirakçıları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfər ediblər.
“Azərsu”dan AZƏRTAC-a bildirilib ki, komplekslə tanışlıq zamanı Azərbaycanın içməli su sektorunda ən müasir qurğusu sayılan kompleksin təməlinin 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulduğu və 2015-ci ildə istismara verildiyi deyilib. Məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan kompleksdə suyun emalı membran tipli süzgəclərdə aparılır. Su heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su Ümumdünya Səhiyyə Təşkilatının, digər beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir. Qeyd olunub ki, bu kompleks Bakı şəhəri və Abşeron yarımadasının böyük hissəsi, ümumilikdə bir milyondan çox sakini yüksəkkeyfiyyətli içməli su ilə təmin edir.
Komplekslə tanışlıq çərçivəsində qonaqlar mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyiblər. Daha sonra şura üzvləri kompleksin laboratoriyası ilə tanış olublar.
Tədbir iştirakçıları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını qeyd edib, burada yaradılmış infrastrukturun imkanlarını yüksək qiymətləndiriblər.