Cəzaçəkmə müəssisəsində narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası barədə məlumat verilib
Bakı, 24 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 2 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları paylanılıb.