Çin ABŞ-ın "Lockheed Martin" şirkətinə sanksiyalar tətbiq etməyə başlayıb
Pekin, 14 iyul, AZƏRTAC
Çin Tayvanla hərbi əməkdaşlığa görə ABŞ-ın müdafiə sənayesi şirkətlərindən olan "Lockheed Martin"ə sanksiyalar tətbiq etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien iyulun 14-də keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib.
O, Pekinin milli maraqların təminatı məqsədilə ABŞ-ın Çinin Tayvan adasına silah satışında əsas podratçı olan "Lockheed Martin"ə lazımi cavab ölçüləri görülməsinə qərar verildiyini deyib. "Çin ABŞ-ın Tayvana silah satmasına qəti qarşıdır və Vaşinqtonu "Vahid Çin" prinsipinə, Çin-ABŞ 3 birgə bəyannaməsinə sadiq olmağa çağırır",- deyən Cao Licien bildirib ki, Birləşmiş Ştatlar Tayvan regionu ilə hərbi əlaqələrini, o cümlədən silah satışını dayandırmalı, bununla Çin-ABŞ münasibətlərinə xələl gətirilməsini son verməlidir.
Çinin bu qərarı ABŞ Dövlət Departamentinin iyulun 10-da Vaşinqtonun Tayvanda "Patriot" raketlərinin modernizasiyası üçün 620 milyon dollar dəyərində paketi təsdiqləməsi barədə açıqlamasından sonraya təsadüf edir.
Qeyd edək ki, İkinci Dünya müharibəsindən sonra Çində Mao Cedonun rəhbərlik etdiyi kommunistlər Çan Kayşinin liderliyindəki Koumintan qüvvələrinə qalib gələrək, Çin Xalq Respublikasının (ÇXR) yaradıldığını elan ediblər. “Vahid Çin” prinsipinə əsaslanan ÇXR Tayvandakı qondarma “Çin Respublikası”nın mövcudluğunu qəbul etmir və adanın Çin Xalq Respublikasının tərkib hissəsi olduğunu bildirir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin