Çin COVID-19-la əlaqədar Almaniyadan donuz əti idxalını dayandırıb
Pekin, 18 iyun, AZƏRTAC
Çin yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar Almaniyadan donuz əti idxalını dayandırıb.
AZƏRTAC xəbər verir ki, Çinin gömrük qurumu Almaniyada “Toennies Group”a aid olan ət kombinatında 657 nəfərin COVID-19-a yoluxması təsdiqlənəndən sonra bu ölkədən donuz əti idxalının dayandırılması barədə qərar qəbul edib.
Qeyd edək ki, 56 günlük fasilədən sonra iyunun 11-də Pekində Asiyanın ən böyük meyvə-tərəvəz və ət topdansatış bazarı olan “Sinfadi” ilə əlaqəli ilk COVID-19 yoluxması aşkarlanıb. Paytaxtın səhiyyə qurumlarının işçiləri xaricdən gələn qızıl balığın satıldığı mağazada virus aşkarlayıblar. Hələlik virusun Pekinə xaricdən gəlməsini, habelə onun ərzaq məhsulları vasitəsilə yayıla biləcəyini təsdiqləyən sübut olmasa da, bəzi ekspertlər infeksiyanın xaricdən gəldiyini düşünürlər.
Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin baş epidemioloqu U Cunyou Mərkəzi Televiziyaya müsahibəsində deyib ki, COVID-19-un Pekində aşkarlanan ştammına Çində daha əvvəl rast gəlinməyıb. Bu ştamm Avropada və başqa regionlarda yayılıb. Pekində yeni aşkarlanan COVID-19 infeksiyası ştammının Avropada yayılan ştamm ilə eyni olduğu açıq-aşkar görünür.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin