Çində dövlət şirkətinin sabiq rəhbəri rüşvətə görə azadlıqdan məhrum edilib
Pekin, 26 dekabr, AZƏRTAC
Çinin öncül neft-kimya sənayesi şirkəti olan “Sinochem Group”un sabiq baş direktoru Çay Siyou külli miqdarda rüşvət aldığına görə məhkəmənin qərarı ilə 12 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC xəbər verir ki, Şandun vilayətindəki Tayan xalq məhkəməsinin dekabrın 26-da keçirilən iclasında keçmiş baş direktorun 1997-2016-cı illərdə “West Pasific Petrochemical” və “Sinochem Group” şirkətlərində müxtəlif vəzifələrdə çalışarkən 53,67 milyon yuan (7,78 milyon ABŞ dolları) məbləğində rüşvət aldığı sübuta yetirilib.
Məhkəmənin qərarı ilə Çay Siyounun qeyri-qanuni yolla əldə edilmiş bütün sərvəti dövlətin xeyrinə müsadirə olunacaq. Bundan başqa, keçmiş direktor 3 milyon yuan cərimə də ödəməlidir.
Hökmlə razı olan Çay Siyou apellyasiya şikayəti verməyəcəyini bəyan edib.
Qeyd edək ki, 1950-ci ildə yaradılan dövlət kapitallı “Sinochem Group” Çinin ən böyük neft-kimya müəssisələrindən biri, öncül kimya sənayesi şirkətidir. “Sinochem Group” törəmə şirkətləri enerji, kənd təsərrüfatı, daşınmaz əmlak və maliyyə sektorunda da fəaliyyət göstərir. İllik mənfəəti 2 milyard dollara çatan kompaniya dünyanın ən çox dövriyyəsi olan 500 şirkəti sırasındadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin