ÇİNDƏ OLİMPİADANIN ƏCNƏBİ QONAQLARININ DAVRANIŞ KODEKSİ ÇAP EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Pekində keçiriləcək Olimpiya oyunlarının təşkilatçıları xəbərdarlıq edir: Olimpiadanın qonaqlarının Çin əleyhinə şüarlar söyləməsi və səkilərdə yatması qadağan ediləcəkdir.
Oyunların təşkilatçıları avqustun 8-də başlanacaq XXIX Yay Olimpiadası ərəfəsində “Olimpiya oyunları dövründə əcnəbilərin Çinə gəlməsi, bu ölkədən getməsi və orada olması qaydaları haqda rəhbər vəsait” tərtib etmişlər.
Hələlik yalnız Çin dilində çap edilmiş bu sənəd əcnəbi idmançıları, rəsmi qonaqları və jurnalistləri Çin Xalq Respublikasında mövcud qanunlar və qaydalarla tanış etmək məqsədi güdür.
Səkkiz fəsildən ibarət olan kitaba 57 sual və onların cavabları daxil edilmişdir. Burada əcnəbilərin Çində hansı hərəkətləri etməsi və hansıları etməməsi, Olimpiadaya kimlərin və necə gələ bilməsi, onların stadionlarda özlərini necə aparması və harada istirahət edə bilməsi barədə tam məlumat verilir.
Həmin sənədə görə, məsələn, əcnəbilərin idman obyektlərində təhqiramiz məzmunlu şüarlar söyləmələri və ya yazmaları, dini, siyasi və millətçi məzmunlu plakatlar yerləşdirmələri yolverilməzdir. İdman yarışlarının tamaşaçıları fişəng atmamalı, hakimləri, idmançıları və Olimpiya oyunlarına xidmət edən əməkdaşları bezdirməməlidirlər.
Şəhərin gigiyenik və mədəni mühitini qoruyub saxlamaq məqsədi ilə hava limanlarında və avtovağzallarda, səkilərdə (eləcə də körpülərdə və yeraltı keçidlərdə), yaşıllıqlarda və digər ictimai yerlərdə yatmaq qadağan edilmişdir.
Müəlliflərin fikrincə, əcnəbilər onu da yadda saxlamalıdırlar ki, Çində karaoke-barlar, diskotekalar, kinoteatrlar, rəqs meydançaları kimi əyləncə müəssisələri gecə saat 2-dən səhər saat 8-ə qədər işləmir. Lakin o da qeyd olunur ki, bu qayda tez-tez pozulur: Pekində əcnəbilər arasında populyar olan barlar axırıncı müştəri oranı tərk edənədək işləyir. Bir sıra əyləncə yerlərində isə, həqiqətən də, gecə saat 2-dən sonra müştərilərə xidmət dayandırılır.
Müəlliflər kitabın 32-ci maddəsində qonaqlara çox lakonik tərzdə bildirirlər ki, hazırda Çin əcnəbilər üçün hələ tam açıq olmadığına görə şəhərin müvafiq icazə alınması tələb edilən rayonlarına getmək məsləhət deyildir.
Sənəddə, həmçinin qeyd edilir ki, Çində mitinqlər, yürüşlər və nümayişlər keçirilməsi üçün hüquq mühafizə orqanlarından icazə alınması zəruridir.
Rəhbər vəsaitin müəllifləri xəbərdarlıq edirlər: “Qanunsuz yığıncaqlar, yürüşlər və nümayişlər keçirilməsinə təhrik etməkdə, eləcə də bu tədbirlərin planlaşdırılmasında təqsirkar olanlar barəsində inzibati cəza tədbirləri görüləcək, yaxud onlar cinayət məsuliyyətinə cəlb ediləcəklər”.