Cüdo üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub
Naxçıvan, 2 noyabr, AZƏRTAC
“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası ilə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 60 idmançı mübarizə aparıb. Yarışda Naxçıvan şəhər idmançıları ilə yanaşı, Culfa və Şərur cüdoçuları da iştirak ediblər.
Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yarışdan əvvəl birincilik barədə məlumat verib, idmançılara uğurlar arzulayıblar.
Doqquz çəki dərəcəsində keçirilən birinciliyin yekun nəticəsinə əsasən Cəfər Rəsulzadə (30 kiloqram), Rəhim Qaybalıyev (34 kiloqram), Nihad Məmmədov (38 kiloqram), Vüqar Nuriyev (42 kiloqram), Atilla Rəhimli (46 kiloqram), Əli Seyidov (50 kiloqram), Heydər Zamanov (55 kiloqram), Aqil Hüseynov (60 kiloqram) və Tofiq Nəcəfov (60+ kiloqram) bütün rəqiblərinə qalib gələrək birinciliyin əsas mükafatını qazanıblar.
Sonda qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.