REGİONLAR
Culfa rayonunda keçirilən “Gələcəyini planlaşdır” təlimi yekunlaşıb
Naxçıvan, 15 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında maliyyə savadlılığı üzrə “Gələcəyini planlaşdır” mövzusunda Culfa rayonunda keçirilən təlimlər yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ikigünlük təlim zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova tərəfindən təlim iştirakçılarına pul vəsaitlərinin idarə olunması, büdcə planlaşdırılması, borc idarəetmə üsulları, mövsümi xərclərin idarə edilməsi, qənaət vərdişləri və digər bacarıqlarla bağlı slayd vasitəsilə geniş məlumat verilib. Qarşılıqlı diskussiya şəraitində keçirilən təlimlərdə iştirakçıların sualları cavablandırılıb.
Təlim iştirakçılarına sertifikatların verilməsi mərasimində Sevinc Rüstəmova təlimdə iştirak edən qadınları təbrik edib, 27 təlim iştirakçısına sertifikat və hədiyyələr təqdim olunub. İştirakçılar təlimin əhəmiyyətini vurğulayıb, qadınlara göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Qeyd edək ki, “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilən və icra olunan “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram çərçivəsində həyata keçirilir.