Cümhuriyyət dövründə klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılıb
Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilib. Fondun əməkdaşı Aynur Seyidova təmsil olunduğu qurumun “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində həyata keçirdiyi layihələrdən danışıb, ədəbiyyatın insanların duyğularını təkmilləşdirdiyini, insanın bu vasitə ilə ətraf gerçəkliyi dərk etdiyini vurğulayıb.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Pərvanə Məmmədli “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ədəbiyyat təmsilçiləri” mövzusunda mühazirə oxuyub. Bildirilib ki, Azərbaycan ədəbiyyatı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. Belə ki, klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılıb, çağdaş ədəbi proses yetərincə dəyərləndirilib, ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülüb.
Peşə Təhsil Mərkəzinin direktor müavini Aybəniz Məmmədova əməkdaşlığa görə Bilik Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda mərkəzdə təhsil alan gənclər arasında “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda müsabiqə keçirilib.