Dağlıq Qarabağ münaqişəsinin Aland adaları presedenti ilə müqayisəli təhlili aparılan kitabın təqdimatı olub
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) azərbaycanlı alim Kamal Makili Əliyevin “Mübahisəli ərazilər və beynəlxalq hüquq: Dağlıq Qarabağ münaqişəsinin Aland adaları presedenti ilə müqayisəli təhlili” adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbirdə çıxış edən BMTM-in sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş kitabda Dağlıq Qarabağ üçün mümkün muxtariyyət modelindən söz açıldığını, bu baxımdan Finlandiyada yerləşən Aland adaları məsələsi ilə müqayisəli təhlilin aparıldığını bildirib.
F.Şəfiyevin sözlərinə görə, beyin mərkəzi olaraq BMTM Azərbaycanın xarici siyasətinə, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələrə böyük önəm verir. “Təəssüf ki, münaqişənin həlli ilə bağlı danışıqlar prosesində irəliləyiş yoxdur. Dağlıq Qarabağ üçün muxtariyyət modelinin müzakirəsi hələ də aktualdır. Azərbaycanın mövqeyi Dağlıq Qarabağda yaşayan əhaliyə - ermənilərə və azərbaycanlılara muxtariyyət statusu verməkdən ibarətdir. Bu kitab Finlandiyanın Aland adaları modeli ilə müqayisə imkanı təqdim edir. Kitabda müəllifə məxsus tövsiyələrlə bağlı müəyyən tərəddüdlərim olsa da, bütün hallarda bu kimi müzakirələr aparmaq hər zaman faydalıdır”, - deyə o bildirib.
BMTM-in şöbə müdiri Fuad Çıraqov müəllifin fəaliyyəti barədə məlumat verib və kitabın çox vacib bir vaxtda ərsəyə gəldiyini vurğulayıb. Onun sözlərinə görə, bu kitab 2010-cu ildən indiyədək Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq nöqteyi-nəzərindən təhlil edən Qərbdə çap olunan yeganə nəşrdir.
İsveçin Malmö Universitetinin dosenti, kitabın müəllifi Kamal Makili Əliyev bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair beynəlxalq hüquq xüsusilə Qərb nəşrlərində bu günə qədər kifayət qədər öyrənilməyib. Onun sözlərinə görə, müəllifi olduğu kitabda isə beynəlxalq hüquq nöqteyi-nəzərindən Aland modeli ilə Ermənistan-Azərbaycan münaqişəsinin müqayisəli təhlili aparılır: “Araşdırmalar göstərir ki, Aland modelini Dağlıq Qarabağ münaqişəsinə tam olaraq tətbiq etmək mümkün deyil, lakin onun müəyyən vacib elementlərini bu münaqişənin həllinə tətbiq etmək olar. Kitabda Aland modelindən çıxış edilərək muxtariyyət, özünüidarəetmə, azlıqların hüquqları və digər məsələlər nəzərdən keçirilir”.
Tədbir müzakirələrlə davam edib.