Daimi Nümayəndələr Şurasının və İMK-nın üzvləri bir sıra aktual məsələləri müzakirə edəcəklər
Minsk, 16 mart, AZƏRTAC
Martın 19-da Belarusun paytaxtında MDB iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının və MDB İqtisadi Şurası yanında İqtisadi Məsələlər Komissiyasının (İMK) birgə iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a təşkilatın Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.
Daimi Nümayəndələr Şurasının və İMK-nın üzvləri MDB Hökumət Başçıları Şurasının cari il mayın 29-da Astanada keçiriləcək növbəti iclasının gündəliyinin layihəsini müzakirə edəcəklər. Layihəyə maliyyə-iqtisadi sahədə, innovasiyalar, meşə təsərrüfatı və meşə sənayesi sahələrində əməkdaşlığın, regionlararası və sərhədyanı əməkdaşlığın genişləndirilməsi məsələləri daxil edilib.
Gündəliyin layihəsində bəndlərin xeyli hissəsini humanitar sahədə (mədəniyyət, təhsil, idman, peşə hazırlığı və kadrların ixtisasının artırılması) əməkdaşlığı tənzimləyən sənədlər təşkil edir. Layihəyə həmçinin təhlükəsizliyin təmin olunması məsələləri daxil edilib. Məsələn, hökumət başçıları radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə, üçüncü ölkələrin vətəndaşlarının və Birlik ölkələrinin ərazisinə daxil olan və vətəndaşlığı olmayan şəxslərin uçotu sisteminin yaradılmasına dair sənədləri müzakirə edəcəklər. Bundan başqa, bir sıra təhsil müəssisələrinə baza təşkilatları statusunun verilməsinə dair sənədlər, maliyyə və kadr məsələləri də hökumət başçılarının müzakirəsinə çıxarılır.
Daimi Nümayəndələr Şurasının və İMK-nin birgə iclasında informasiya cəmiyyətinin qurulmasında və inkişafında MDB-nin iştirakçısı olan dövlətlərin əməkdaşlıq strategiyasının və bu strategiyanın həyata keçirilməsinə dair fəaliyyət planı tədbirlərinin həyata keçirilməsi gedişi müzakirə ediləcəkdir. Bu sənədlərin qəbul edilməsi informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində geniş inteqrasiya əməkdaşlığına yeni təkan verib.
Birgə iclasın gündəliyinə 2014-cü ildə Birlik ölkələrinin ticarət-iqtisadi əməkdaşlığının yekunları və 2015-ci il üçün perspektivlər haqqında məsələ də daxil edilib.
Daimi Nümayəndələr Şurasının və İMK-nın üzvləri həmçinin MDB-nin sahə əməkdaşlıq orqanlarının keçənilki fəaliyyətinin yekunlarını müzakirə edəcəklər. Birlik çərçivəsində 69 belə orqan yaradılıb. Onlardan 37-si iqtisadi sahədə, 15-i təhlükəsizlik sahəsində, 11-i humanitar sahədə və hər sahə üzrə 3 orqan olmaqla informasiya və hüquq sahələrində fəaliyyət göstərir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk