“DAMAZLIQ HEYVANDARLIQ HAQQINDA” QANUN LAYİHƏSİ İKİNCİ OXUNUŞA HAZIRDIR
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 17-də Milli Məclisin aqrar siyasət daimi komissiyasının iclasında məlumat verilmişdir. Komissiyanın sədri Eldar İbrahimov demişdir ki, qanun layihəsi heyvandarlıqda damazlıq işinin təşkilinin və idarə edilməsinin hüquqi, iqtisadi əsaslarını müəyyən edəcək, damazlıq heyvandarlıq subyektləri arasında münasibətləri tənzimləyəcəkdir.
Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov demişdir ki, layihənin parlamentdə birinci oxunuş müzakirəsi zamanı səslənmiş irad və təkliflərin böyük əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınmışdır. Qanun layihəsinə iki maddə əlavə olunmuş, bəzi maddələr yenidən işlənmiş, sənəd əsaslı surətdə təkmilləşdirilmişdir.
Deputatlardan Novruzəli Aslanov, Eldar Quliyev, Miri Qənbərov, kənd təsərrüatı nazirinin müavini Bəhram Əliyev və başqaları damazlıq heyvandarlıq işinin təşkili, bu sahədə qanunvericiliyin məqsədi, ölkədə kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək digər qanunların və onların işlək mexanizminin hazırlanması ilə bağlı təkliflərini bildirmişlər.
İclasda “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsinə də baxılmışdır. Bildirilmişdir ki, su obyektlərinin çirklənmədən və zibillənməkdən qorunması məqsədi ilə Azərbaycan Respublikasının Su Məcəlləsinə əlavələr ediləcəkdir.
Sonda qanun layihələrinin Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.