Daşkənddə MDB Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclası keçirilib
Daşkənd, 28 mart, АZƏRTAC
Martın 28-də Daşkənddə Müstəqil Dövlətlər Birliyi (MDB) Sərhəd Qoşunları Komandanları Şurasının (SQKŞ) 81-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistanın sərhəd qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, SQKŞ-nin Əlaqələndirmə Xidmətinin, MDB İcraiyyə Komitəsinin, Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun üzvləri və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev iclasda çıxış edərək Birliyin sərhədlərindəki vəziyyət haqqında məlumat verib.
Görüşdə Mərkəzi Asiya regionundakı dövlətlərin xarici sərhədlərində vəziyyət, MDB ölkələri arasında əməkdaşlıq proqramı, 2021-2025-ci illərdə Birliyin xarici sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi, birgə xüsusi sərhəd əməliyyatlarına hazırlıq, 2020-ci ildə Şuranın iş planının layihəsi və digər məsələlər müzakirə olunub.
İclasda, həmçinin müvafiq sahədə birgə elmi-tədqiqat fəaliyyətinin aparılması, bir sıra təşkilati və kadr məsələlərinə də baxılıb.
Şuranın növbəti iclasının bu ilin ikinci yarısında Belarusda keçirilməsi qərara alınıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd