Daşkənddəki Novruz festivalına Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də qatılıb
Daşkənd, 29 mart, AZƏRTAC
Daşkənddəki Sinqapur Belnəlxalq İnstitutunda Novruz festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, şənlikdə Özbəkistanda fəaliyyət göstərən səfirliklər iştirak edib.
Novruz festivalına Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də qatılıb.
Festivalda Novruz bayramı haqqında ümumi məlumat verilib, Novruz arealında daxil olan dövlətlərin nümayəndələri öz ölkələrində bu bayramın keçirilmə ənənələri ilə bağlı söhbət açıblar. Bildirilib ki, Azərbaycanın təşəbbüsü və bir sıra digər dövlətlərin dəstəyi ilə 2010-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar sənəd qəbul edib.
Sərgidə AMM-nin əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqları öz əl işlərini nümayiş etdirib, suvenirlər, milli mətbəx nümunələrimiz iştirakçılara təqdim olunub. İştirakçılar Azərbaycan musiqisinin sədaları altında rəqs ediblər.
Sonunda iştirakçılar milli mətbəximizin təamlarına, həmçinin şəkərbura və paxlavaya qonaq ediliblər.
Tədbirdə diplom təqdim edilib fərqlənən qruplar arasında AMM də olub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd