“Dastana dönən səs” adlı mahnı müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunmuş “Dastana dönən səs” adlı mahnı müsabiqəsi keçirilib.
Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi tövsiyələrlə bağlı videoçarx nümayiş olunub.
Bakı Gənclər Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir seçim turundan müvəffəqiyyətlə keçən 14 gəncin ifa etdiyi mahnılarla davam edib. Hər ifadan sonra münsiflər heyəti müsabiqə iştirakçılarına öz məsləhət və tövsiyələrini verib.
Münsiflər heyəti qismində Xalq artisti Sabir Məmmədov, Əməkdar artist Teymur Əmrah, Azərbaycan və Özbəkistan respublikalarının Xalq artisti Gülyanaq Məmmədova və bəstəkar, vokalist Qasım Xəlilov dəvət olunub.
Mahnı müsabiqəsində 1-ci yerə Günay Məmmədova, 2-ci yerə Elşən Məmmədov, 3-cü yerə İslam Qasımov layiq görülüb. İlk üçlüyə daxil olan ifaçılar Bakı Gənclər Mərkəzinin rəhbərliyi tərəfindən fəxri diplomla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Digər iştirakçılara isə sertifikat təqdim edilib.
Sonda tədbirin qonaqları, münsiflər heyətinin üzvləri müsabiqə ilə bağlı müsbət rəylərini söyləyərək gənclər arasında belə müsabiqələrin daha çox keçirilməsini təqdirəlayiq hesab ediblər. Tədbirə ev sahibliyi edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxışında Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.
Tədbir müsabiqə iştirakçılarının ifasında şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Xudayar” təsnifi ilə başa çatıb.