DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOVUN ÇIXIŞI
- Möhtərəm prezident!
Hörmətli müşavirə iştirakçıları!
Artıq sübut etməyə ehtiyac yoxdur ki, bu gün səhər baş vermiş dövlət çevrilişi cəhdi məhz ötən il 4 oktyabr dövlət çevrilişi cəhdinin davamı idi. Daxili İşlər Naziriliyinin operativ əməliyyat aparatları son günlər bir-birinin ardınca çox qorxunc və çox təhlükəli məlumatlar alırdı.
Bunlar nədən ibarət idi? İlk növbədə belə məlumatlar gəlirdi ki, Rövşən və Mahir Cavadov qardaşları XTPD əməkdaşlarının bir hissəsinə hədə-qorxu gələrək, bir hissisinə isə böyük məbləğdə pul verməklə onları öz təsiri altına salmışdılar.
Onlar bu qüvvədən istifadə edərək dövlət orqanlarına təzyiq göstərmək, ayrı-ayrı cinayətkar ünsürlərlə, eləcə də siyasətbazlarla birləşərək dövlətimizi yıxmaq, dövlətə qarşı silahlı müqavimət göstərmək niyyəti ilə yaşayırdılar. Məsələn, bir faktı qeyd etmək istəyirəm ki, hörmətli Prezidentimizin də burada dediyi kimi, Mahir Cavadovun özü hələ oktyabr ayında ağır cinayət törətdikdən sonra onun yanında 30-40 silahlı adam gəzirdi. Qardaşı Rövşən Cavadov daxili işlər nazirinin müavini olduğu halda, belə bir adamın cinayət törədib, XTPD-nin 20-30 nəfər əməkdaşını başına toplamasına göz yumurdu. Onlar da cəza görmədən müxtəlif yerlərdə cinayətlər törədirdilər.
Açığını deyim ki, onların bu hərəkətləri ictimaiyyət tərəfindən çox pis qarşılanırdı. Mən bir nazir kimi ona dəfələrlə xəbərdarlıq etsəm də, o, bunlara məhəl qoymurdu. Aldığım məlumatlara görə, o, açıq-aşkar deyirdi ki, mən istəsəm, bu qüvvə ilə daxili işlər nazirini də aradan götürərəm, nazirliyi də zəbt edə bilərəm. Nəhayət, bu il martın əvvəllərində (bir az qabaq Milli Təhlükəsizlik Nazirliyi başçısının dediyi kimi) məlumatlar daxil olurdu ki, onlar artıq bu çevrilişi reallaşdırmaq istəyirlər. Bununla əlaqədar biz əməliyyat aparatlarına tapşırıqlar verdik. Bildirdik ki, qaçıb Moskvada gizlənən Ayaz Mütəllibov, Surət Hüseynov, Rəhim Qazıyev və başqaları tərəfindən dəstəklənən bu adamlar - Rövşən Cavadov başda olmaqla qüvvələr dövlət çevrilişi hazırlayır və Bakı şəhərində dövlət orqanlarını, əsasən, Prezident Aparatını tutmaq, sonra Teleradio Şirkətini, Ali Soveti, Daxili İşlər Nazirliyini tutmaqla çevrilişi həyata keçirmək istəyirlər.
Martın 13-də səhər dövlətə qarşı bu cinayət Qazax-Ağstafa bölgəsində başlandı. Bundan sonra Rövşən Cavadov oradan qayıdıb gəldi, lakin əsl həqiqəti açıb söyləmədi, bu cinayətin səbəbini demədi. Bu məsələni o, televiziya və radio ilə özü bildiyi kimi, özünə sərf etdiyi kimi danışdı. Əlbəttə, onun məqsədi aydın idi. İstəyirdi ki, dövlət çevrilişinə hazırlığı ört-basdır etsin, Bakıda da qüvvələrini səfərbər etsin və çevrilişi reallaşdırsın.
Belə də oldu. Oradan qayıdan kimi, o, birbaşa Daxili İşlər Nazirliyinə yox, XTPD-nin bazasına getdi və hazırlığa başladı. Bundan iki gün sonra onun silahlı dəstələri Nizami rayon polis şöbəsinə hücum etdilər. Lakin şöbənin əməkdaşları bu hücumun qarşısını aldılar. Həmin dəstədən iki nəfər öldürüldükdən sonra onlar geri çəkildilər. Bundan sonra Mahir Cavadovun silahlı dəstələri onun yaşadığı binada bizim tərəfimizdən mühasirəyə alındılar. Lakin orada çoxlu insan yaşayır, ona görə də silah tətbiq etmək istəmədik. Buna baxmayaraq, 50 nəfərdən ibarət olan dəstə daxili işlər oqranlarının əməkdaşlarına atəş açdı və bu zaman 7 nəfər əməkdaşımız yaralandı.
Bundan sonra onlar qaçıb yenidən XTPD-nin 8-ci Kilometr qəsəbəsindəki bazasına getdilər. Nəhayət, bu gecə saat 2 radələrində artıq məlum idi ki, onlar hazırlaşırlar və əsasən, 4 obyektə hücum planı qurublar. Belə də etdilər. Onu da deyim ki, planları çox azğın xarakter daşıyırdı. Onlar orada yerləşən hərbi hissənin əsgər və zabitlərinə iriçaplı silahlardan atəş açdılar. Elə ilk andaca 4 əsgər öldürüldü. Çalışırdılar ki, hərbi hissəni məhv edib oradan Prezident Aparatına doğru irəliləsinlər. Lakin onların qarşısı alındı. Mənim tərəfimdən tədbir görüldü və mühüm obyektlərin hamısı mühafizəyə götürüldü. Yollarda sədlər qoyuldu. Möhtərəm Prezidentimizin çox düzgün qeyd etdiyi kimi, qəhrəman əsgərlərimiz dövlətə qarşı yönəldilən bu cinayətin qarşısını aldılar. Hazırda həmin cinayətin onlarca iştirakçısı həbs olunubdur. Axtarışlar aparılır və cinayətin bütün iştirakçıları bizim orqanların və digər hüquq-mühafizə orqanlarının köməyi ilə tapılıb tutulacaqlar. Onlar ədalət məhkəməsinə veriləcəklər.
Möhtərəm Prezident, mən bu barədə Sizə müntəzəm surətdə məlumat vermişəm. Bizim tərəfimizdən lazımi tədbirlər görülürdü. Doğrudur, bəzi tədbirlər gecikdirilmiş olsa da, ümumən daxili işlər orqanlarının əməkdaşları bu dövləti cinayətin qarşısının alınmasında fəal iştirak etdilər və hazırda bu cinayətin açılması, cinayət iştirakçılarının tutulması üçün digər hüquq-mühafizə orqanları ilə birlikdə fəaliyyətini davam etdirirlər.
Bütün şəxsi heyət Azərbaycanın dövlətçiliyinə sadiqdir, hörmətli Prezident, Sizə sadiqdir və gələcəkdə də dövlətçiliyimizin qorunması üçün Sizin ətrafınızda sıx birləşərək, mübarizəmizi davam etdirəcəyik.