DAXİLİ İŞLƏR ORQANLARI CİNAYƏTKARLIQLA MÜBARİZƏDƏ BUNDAN SONRA DA QƏTİYYƏTLİ OLACAQLAR
Şəxsi heyətin qarşısında çıxış edən nazir əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sabitliyin qorunub-saxlanıldığını, Azərbaycanın bütün istiqamətlərdə dinamik inkişaf etdiyini, uğurlu nəticələr qazandığını vurğulamışdır. O qeyd etmişdir ki, aparılan islahatlar ölkəmizin iqtisadi qüdrətini, potensialını daha da gücləndirmiş, nəticədə, digər dövlət qurumları ilə yanaşı, daxili işlər orqanları əməkdaşlarının da sosial müdafiəsinin yaxşılaşdırılmasına, maddi-texniki bazasının möhkəmləndirilməsinə əlverişli imkanlar yaranmışdır.
Qeyd olunmuşdur ki, ölkəmizin prezidentinin qayğısı şəxsi heyəti qarşıda duran vəzifələrin yerinə yetirilməsində daha prinsipial və məsuliyyətli olmağa təşviq edir.
Nazir cinayətkarlıqla mübarizədə, ictimai asayişin təminində daxili işlər orqanlarının ötən il, eləcə də cari ilin ilk rübündə uğurlu nəticələr qazandığını, əvvəlki illərdə əldə edilmiş müsbət nəticələrin qorunub saxlandığını bildirmiş, şəxsi heyətə tələb və tövsiyələrini çatdırmışdır.
Sonra o, iki ədəd “Volsvvagen-Passat” markalı minik avtomobilinin açarlarını xidməti istifadə üçün rayon polis şöbəsinin rəhbərliyinə təqdim etmişdir.
Sonda Ramil Usubov şöbənin əsaslı təmiri yenicə tamamlanmış inzibati binasına baxmış, şəxsi heyətin iş şəraiti ilə yaxından tanış olmuşdur. Binanın müasir standartlara uyğun yüksək səviyyədə təmirindən və ətrafın abadlaşdırılmasından məmnun olduğunu bildirən general- polkovnik Ramil Usubov Abşeron Rayon Polis Şöbəsinin şəxsi heyətinin, bütövlükdə, respublika daxili işlər orqanlarının xalqa, dövlətçiliyə və Azərbaycan Respublikası Prezidentinin siyasətinə bundan sonra da daim sadiq qalacaqlarına, cinayətkarlıqla mübarizədə qətiyyətli və barışmaz olacaqlarına əmin olduğunu bir daha bildirmişdir.