Dəmir yolunun Dəllər stansiyasının 2,2 kilometrlik baş yollarının əsaslı təmirinə başlanılıb
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-dən etibarən dəmir yolunun Dəllər stansiyasının 2,2 kilometr uzunluğunda baş yollarının əsaslı təmirinə başlanılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri 3 gün davam edəcək. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin II mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVIA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 522 kilometr dəmir yolu əsaslı təmir olunub.