Dendrologiya İnstitutunda Zəfər Günü qeyd olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra institutun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək deyib: “Azərbaycan dövləti tarixi ədaləti bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzindəki bütün istehkamlarını, döyüş mövqelərini məhv edərək tarixi Zəfər çaldı. Bu Qələbə sevincini xalqımıza bəxş edən Ali Baş Komandanımız və hərbçilərimizdir”.
Daha sonra Bitki mühafizəsi laboratoriyasının əməkdaşı aqrar elmlər üzrə fəlsəfə doktoru Mərdan Tağıyev, Mərkəzləşdirilmiş eksperimental laboratoriyanın müdiri biologiya üzrə fəlsəfə doktoru Afiq Qazıyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıldığı, Azərbaycan dövlətinin bütün dünyada qalib dövlət, xalqımızın qalib xalq kimi tanındığı vurğulanıb. Qeyd olunub ki, xalqımız bu böyük tarixi Qələbənin sevincini yaşamaqdadır.
Sonda institutun Zəfər TV kanalının hazırladığı videoçarx nümayiş olunub.