Deputat: Azərbaycanla Avropa İttifaqı arasında çoxşaxəli əlaqələr davamlı olaraq inkişaf edir
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycanla Avropa İttifaqı arasında çoxşaxəli əlaqələr mövcuddur və bu əlaqələr davamlı olaraq inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən ölkəmizlə Avropa İttifaqı arasında çox səmərəli və uğurlu əməkdaşlıq olduğunu vurğulayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, hazırda yeni əməkdaşlıq platformasında Avropa İttifaqının münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətində olması vacib yer tutur. Petr Mixalko Azərbaycanın Avropa İttifaqı üçün önəmli tərəfdaş olduğunu deyib. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə fəal iştirak edirik. Avropa İttifaqının nümayəndəsi təmsil etdiyi təşkilatın bölgədə uzunmüddətli sülhün təmin olunması üçün Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesində öz təcrübələrini bölüşməyi də təklif etdiyini xatırladıb. Bu o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır. Dövlətimizin başçısı da qeyd edib ki, ən mühüm sahələrdən biri postmüharibə dövründə inkişafın, davamlı sülhün və əməkdaşlığın bərqərar olmasına Avropa İttifaqının töhfəsidir. Avropa İttifaqı bu prosesdə önəmli rol oynaya bilər.
Deputatın sözlərinə görə, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq, siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividentlər vəd edir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
Azərbaycanın Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də Avropa İttifaqı ilə sıx əməkdaşlıq etdiyini vurğulayan S.Fətəliyeva deyib: “Bir neçə il əvvəl Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycanla Avropa İttifaqı arasında birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Sənəddə əksini tapan mühüm məqam ondan ibarətdir ki, hər iki tərəfin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi ifadə olunub. Beləliklə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində bu sənəd də hüquqi baza rolunu oynayıb. Artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində özünün ərazi bütövlüyünü bərpa edib. Bu fakt Azərbaycanın beynəlxalq müstəvidə gücünü daha da artıran amillərdən biridir. Fikrimcə, Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında da fəal iştirak edə bilər. İnanıram ki, bölgədəki yeni reallıqlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında öz əksini tapacaq, ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artacaq. Bu baxımdan, enerji sahəsində fəal əməkdaşlıq daim gündəlikdədir. Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkə statusunu qoruyacaq”.