Deputat: Regionun gələcək konturlarının rəsmi Bakı tərəfindən müəyyənləşməsi ədalətlidir
Bakı, 16 aprel, AZƏRTAC
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri yalnız iki ölkə üçün yox, ümumilikdə region üçün vacib siyasi hadisə kimi qiymətləndirilməlidir. Belarus əhəmiyyətli iqtisadi güc, ciddi hərbi istehsalçıdır, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və hazırda təşkilatın baş katibi belaruslu generaldır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat bildirib ki, Tovuz hadisələrinə və 44 günlük müharibəyə qədər Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının istisnasız olaraq Ermənistana dəstək verəcəyini iddia edir, erməni xalqını da bu yalanlara inandırır, ölkədə təcavüzkar militarist ruh formalaşdırırdı. Lakin qeyd edilən hadisələr zamanı KTMT üzvləri nəinki İrəvana yardım göstərmədi, əksinə, beynəlxalq hüququ rəhbər tutaraq rəsmi İrəvanın özü istisna olmaqla, digər üzv dövlətlər tam tərkibdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verdilər, hətta Qələbə münasibətilə Prezident İlham Əliyevə təbriklər ünvanladılar.
Onun sözlərinə görə, bu, təbii ki, Prezident İlham Əliyevin növbəti siyasi qələbəsi idi. KTMT-ya katibliyi həyata keçirdiyi bir zamanda Belarus Prezidentinin Azərbaycana səfəri, 10 noyabr razılaşmasının ruhuna uyğun bəyanatlar verərək Azərbaycanı bir daha təbrik etməsi, eyni zamanda, Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində iştirakda maraqlı olmasını bildirməsi bu Qələbənin məntiqi davamı idi. Əlbəttə, rəsmi Minskin bu mövqeyinin arxasında kifayət qədər ciddi siyasi səbəblər var. İlk olaraq onu qeyd etməliyik ki, Azərbaycan-Belarus əlaqələri çətin sınaqlardan çıxıb və bu münasibətlərdə rəsmi Bakı dəfələrlə özünü həqiqi tərəfdaş kimi sübut edib.
Bəhruz Məhərrəmov vurğulayıb ki, Belarusun əsas tərəfdaşı Rusiya ilə münasibətlərinin çətinləşdiyi və rəsmi Minskin çox mürəkkəb duruma düşdüyü, hətta ən yaxın müttəfiqlərinin belə üz çevirdiyi bir dövrdə yalnız Prezident İlham Əliyev rəsmi Moskva ilə balanslı siyasəti qorumaqla və Rusiya-Azərbaycan münasibətlərinə zərər vermədən məharətlə diplomatik konfiqurasiya formalaşdıraraq Belarusun ağır böhrandan çıxmasına dəstək vermişdi. Bu mənada Azərbaycan-Belarus münasibətlərinin hazırkı səviyyəsi və Belarusun ölkəmizə rəğbəti başadüşüləndir.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan-Belarus münasibətlərinin kökündə dayanan digər uğurlu amil Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, “hədəflərin çox dəqiq müəyyən edilməsi, tapşırıqların konkret olması və münasibətlərin inkişafı üzrə qarşıya qoyulmuş məsələlərin reallaşdırılmasına ciddi nəzarətin olması” ilə bağlıdır. “Təsadüfi deyil ki, məhz bu yanaşma Belarus traktorlarının birgə yığılması ilə başlanan sənaye kooperasiyası - avtomobillər, yük maşınları, kombaynlar, avtobuslar istehsalına qədər uzandı və hazırda “Yaşıl Qarabağ zonası” konsepsiyası çərçivəsində elektrobus istehsalı, həmçinin perspektivdə alternativ enerji mənbələri yaradılmasında Belarus şirkətlərinin iştirakı formatında davam etməkdədir. Yəni, hər iki dövlətin liderinin konkret, sərrast yanaşması münasibətlərin və tərəfdaşlığın formal səviyyədən ciddi mərhələyə keçməsinə imkan yaradıb. Münaqişənin və bununla da mümkün risklərin tamamilə sıfıra endiyi hazırkı dönəmdə isə Azərbaycanda ideal investisiya mühiti formalaşıb. Əlbəttə, belə bir mühit investorlar üçün cəlbedicidir və qısa müddətdə böyük Qayıdış və quruculuq bərpa işlərinə artıq üç xarici dövlətin qoşulması bunu bir daha sübut edir. Belarusun bu prosesə qoşulmasının isə hər şeydən əvvəl ciddi siyasi əhəmiyyəti var”, - deyə deputat vurğulayıb.
B.Məhərrəmov qeyd edib ki, Belarus Ermənistanla bir neçə blokda təmsil olunan, habelə kifayət qədər normal münasibətlərə təbii ki, rəsmi İrəvana müəyyən təsir imkanına malik dövlətdir. Əminliklə demək olar ki, Azərbaycanın növbəti onillikdə sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən ikisində - işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, habelə təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi planında iştirak etməklə Belarus Ermənistanın revanş arzularının həlqəsini daraldır. Əlbəttə, bu gün Ermənistanın yenidən müharibəyə başlamaq, qisas almaq üçün nə gücü, nə imkanı, nə milli ruhu, nə də siyasi dəstəyi yoxdur. Lakin bu imkanların olmasını fərz etsək belə, istənilən halda Belarus şirkətlərinin çalışdığı bir bölgəyə hücum etmək rəsmi Minski qarşısına almaq demək olar. Ermənistan isə onsuz da dar əməkdaşlıq mühitinin daha da dalana dirənməsini arzu edə bilməz. Bu mənada Lukaşenkonun da mövqeyi kifayət qədər aydındır.
“Görünən odur ki, Belarus hər iki tərəfdaşı arasında sülhün davamlı olmasında, bölgədə əməkdaşlığı, bu çərçivədə Zəngəzur dəhlizi başda olmaqla, regionda kommunikasiya xətlərinin açılmasında maraqlıdır və proseslərin gedişatı dost ölkə kimi rəsmi Minski tam qane edir. Lakin, eyni zamanda, rəsmi Minsk bir reallığın da fərqindədir və ortada aydın bir yanaşma var ki, bölgədə sülhə Ermənistanın deyil, Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin qətiyyəti ilə nail olunub və ona görə regionun gələcək konturlarının da rəsmi Bakı tərəfindən müəyyənləşməsi ədalətlidir”, - deyə Bəhruz Məhərrəmov fikirlərini yekunlaşdırıb.