Dərsliklərin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirələr aparılıb
Naxçıvan, 10 aprel, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikanın Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsi tapşırılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, verilmiş tapşırığın icrası məqsədilə ali məktəblərin professor və müəllim heyətləri, muxtar respublikanın qabaqcıl fənn müəllimləri, həmçinin pedaqoji profilli ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinin iştirakı ilə 2020-2021-ci tədris ili üzrə planlaşdırılan II və VI sinif dərsliklərinin nəşrqabağı təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Təhsil Nazirliyi dərslik müzakirələrini onlayn qaydada keçirib.
Aparılan müzakirələrdə II siniflər üçün Azərbaycan dili, riyaziyyat, informatika və ingilis dili fənləri üzrə 4, VI siniflər üçün isə Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, fizika, informatika, ingilis dili, biologiya, coğrafiya və tarix fənləri üzrə 9 dərslik olmaqla, ümumilikdə, 13 dərslik müzakirə olunub, bu dərsliklərin təkmilləşdirilməsi üçün 75 təklif verilib.
Təkliflərin yekun rəyi təhlil olunaraq dərsliklərin yenidən nəşri zamanı nəzərə alınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcəkdir.
Qeyd edək ki, 2018-2019-cu tədris ilindən başlayaraq keçirilən dərslik müzakirələrində bu tədris ilinədək I, V, IX və X siniflər üzrə, ümumilikdə, 43 dərslik müzakirə olunub. Dərsliklərin nəşrqabağı təkmilləşdirilməsinə dair irad və təkliflər əsasında 40 dərslik üzrə 514 təklif hazırlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilib, onlardan 90-ı yeni dərsliklərin nəşri zamanı nəzərə alınıb. Prosesin davamı olaraq bu tədris ilində də dekabrın 17-dən başlayaraq 2021-2022-ci tədris ili üçün yenidən nəşr olunacaq II və VI sinif dərsliklərinin qrafikə uyğun müzakirəsi aparılıb.