Diasporla İş üzrə Dövlət Komitəsinin sədri YAP İcra Katibliyində mətbuat konfransı keçirib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Yeni Azərbaycan Partiyası İcra Katibliyində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, F.Muradov Dövlət Komitəsinin dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Bu məsələlər Dövlət Komitəsinin hazırladığı Strateji Yol Xəritəsinə əsasən həyata keçirilir.
“Diasporla iş Üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Çalışırıq ki, dünyada yaşayan azərbaycanlılar milli və dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşsinlər. Hədəfimiz ondan ibarətdir ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir soydaşımız müstəqil qüdrətli Azərbaycan dövlətini öz yanında görsün. Dövlət Komitəsinin əsasnaməsi ilə qarşıya qoyulan vəzifələr var. Bu vəzifələrə və dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq ardıcıl fəaliyyət göstəririk. Bu yolda Prezident İlham Əliyevin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyi xüsusi qeyd edilməlidir”, - deyə F.Muradov vurğulayıb.
Görülən işlər haqqında slaydlarla ümumi məlumat verən F.Muradov söyləyib ki, Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb və fəaliyyət göstərir. Bu günədək 88 diaspor təşkilatı və 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib. Təşkilatların təqdim etdiyi 66 layihədən 32-si maliyyələşdirilib.
Eyni zamanda, ümumilikdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası təsis olunub. bundan başqa, 2018-ci il 22-28 avqust tarixlərində Şəki şəhərində “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilib. Düşərgədə 37 ölkədən 140 gənc iştirak edib. İyulun 8-14-də Diaspor Gənclərinin “Nəsimi 650” adlı II Yay düşərgəsi olub. Düşərgədə 51 ölkədən 110 gənc iştirak edib.
Komitə sədri onu da qeyd edib ki, xarici ölkələrdə Azərbaycan evlərinin yaradılmasına başlanılıb. Belə ki, bu ilin sonuna qədər 10 ölkədə Azərbaycan Evi fəaliyyətə başlayacaq. Gələn il daha 8 ölkədə Azərbaycan Evi yaradılacaq. Bu proses gələcəkdə də davam etdiriləcək. Fuad Muradov bildirib ki, “xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılır. O əlavə edib ki, xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərsliklər hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib. Bundan əlavə “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması ilə bağlı məsələ də Milli Məclisdə müzakirə edilərək qəbul olunub.
"Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, hazırdır. Qanun layihəsi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunacaq. Ümid edirik ki, yeni parlament formalaşdıqdan sonra bu yeni qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq. Onu da qeyd edim ki, qanun layihəsi hazırlanan zaman beynəlxalq və bir neçə ölkənin təcrübəsi öyrənilib”, - deyə F.Muradov vurğulayıb.
Daha sonra F.Muradov jurnalistlərin suallarını cavablandırıb.