DİM-in Göyçay regional bölməsi zal nəzarətçisi olmaq istəyənlər üçün təlimlər keçirib
Bakı, 6 may, AZƏRTAC
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Dövlət İmtahan Mərkəzinin (DİM) Göyçay regional bölməsi tərəfindən təlimlər keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, təlimlərdə zal nəzarətçisi sertifikatı almaq istəyən 36 namizəd iştirak edib.
On səkkiz nəfərlik qruplar şəklində təşkil edilən təlimlər ünsiyyət zamanı ilkin təəssüratın əhəmiyyəti, ünsiyyət və onun tərəfləri, müsbət ilkin təəssüratın formalaşdırılması, şəxsiyyət tiplərinə əsasən ünsiyyət tərzləri, etik davranışın səmərəli ünsiyyətdə rolu, ünsiyyət zamanı münaqişəli vəziyyətlərin, habelə stressin idarə olunması, ünsiyyət qurmağın çətinlikləri, manipulyasiya texnikaları məsələlərini əhatə edib.
Təlimlərdə DİM haqqında ümumi məlumat, imtahanlar, imtahanların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilib, tapşırıqlar qoyulub və fikir mübadiləsi aparılıb. Bundan əlavə, zal nəzarətçisinin fəaliyyətinin daha çox praktik tərəflərini və imtahanların təşkili, gedişi və yekunu zamanı baş verə biləcək hallar və problemləri əhatə edən interaktiv treninq (nəzarətçi təlimatı və psixoloji stress - menecment təlimi) və təcrübi məşğələlər keçirilib.
İki gün davam edən təlimin sonunda namizədlər yekun test imtahanında iştirak ediblər. İmtahandan məqbul qiymət alan namizədlərə zal nəzarətçisi sertifikatı veriləcək. Sertifikat almış nəzarətçilər mütəmadi olaraq DİM tərəfindən keçirilən imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcəklər.
Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı 2019-cu il yanvarın 31-də başa çatıb. Cari ilin avqust ayından etibarən isə qeydiyyat sistemi yenidən aktivləşdiriləcək.